Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Səbail”in baş məşqçisi: “Yaxşı nəticələr göstərmək, daha da irəli getmək istəyirik”

“Səbail”in baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi

– Komandanın hazırlığı nə yerdədir? Düşərgədə ümumi vəziyyət necədir?

– Təlim-məşq toplanışı normal gedir, yeni mövsümə hazırlığımızı davam etdiririk. Yeni transferlərimiz də artıq komandanın düşərgəsindədir. Hələ bir neçə gün Bakıda toplanışda olacağıq, həmçinin yoxlama görüşlərində gücümüzü sınayacağıq.

– Toplanışının ikinci mərhələsi üçün niyə məhz Gürcüstanı seçdiniz?

– Yoldaşlıq görüşlərinə görə. Əslində, Gürcüstanla yanaşı, Bolqarıstan və Türkiyə variantı da var idi. Amma mən Gürcüstanı seçdim, başqa bir səbəb yoxdur. İyulun 20-dən 30-dək orada hazırlaşmağı planlaşdırırıq. 3 yoxlama görüşü keçirmək istəyirik, ancaq rəqiblərin kimliyi hələ məlum deyil. Yalnız onu deyə bilərəm ki, yerli komandalar olacaq.

– Baş məşqçi postuna təyin olunan kimi, transferlər ard-arda gerçəkləşdi. Sanki öncədən buna hazırlaşmışdınız…

– Xeyr, öncədən “Səbail”ə keçəcəyimi heç bilmirdim, belə bir variant da yox idi. Təyin olunandan sonra transfer çalışmalarına başladıq, elə alındı ki, danışıq apardığımız oyunçularla anlaşdıq. “Səbail”lə öncədən nə danışığım olmuşdu, nə də bununla bağlı planım var idi. Prinsipcə, yerli uşaqların çoxu elə “Səbail”in öz oyunçularıdır. Onların bəziləri ilə sağollaşdıq, bəziləri ilə də müqaviləni yenilədik. Yerlilərin demək olar ki, hamısı əvvəldən burada çıxış edənlərdir.

– Əksər baş məşqçilər Azərbaycana futbolçu gətirməyin çətinliyindən şikayətlənirsə, “Səbail” qısa müddətdə 5 əcnəbi transfer etdi. Arzuladığınız bütün oyunçuları gətirə bilirsiniz, yoxsa siz də danışıqlar zamanı problemlər yaşayırsınız?

– Çətinliklər həmişə olur. İlk növbədə yeni gələn oyunçuların komandaya nə dərəcədə uyğunlaşması önəmlidir. Hansı mövqelərə oyunçular lazım idisə, həmin yerlərə transferlər elədik. Çətin də olsa, indiki durumda bu keçidlər lazım idi.

– “Səbail”də ümumilikdə 7 transfer və 8 yeni müqavilə var. Bundan sonra neçə yerli, neçə əcnəbi gətirməyi planlaşdırırsınız?

– Hələ ki, baxırıq. Yaxşı variantlar olsa, yeni futbolçular gətirəcəyik. Konkret say yoxdur. Hansı mövqelərə oyunçu cəlb edə biləcəyimizi müzakirə edirik. Lazım olan mövqelər üzrə axtarışdayıq.

– Yeni mövsümdən çempionatda həm oyun sayı artacaq, həm də matçlarda əvəzetmələr 5-ə yüksəldiləcək. Bu isə daha geniş heyət tələb edir…

– Bu baxımdan sizinlə razıyam, ehtiyat qüvvəmiz geniş olmalıdır.

– Qazaxıstanın “Turan” klubundan ayrılan qapıçı Emil Balayevlə danışığınız nə yerdə qalıb?

– Bu məsələ hələ həllini tapmayıb. Emil bizim maraqlandığımız qapıçılardan biridir. Ancaq hələlik konkret razılıq yoxdur.

– “Professor” ləqəbli Mahmud Qurbanov komandasının “professor”unu artıq müəyyənləşdirib, yoxsa hələ lider axtarışı davam edir?

– Bizdə hər mövqeyə lider lazımdır. İlk növbədə kollektiv oyuna üstünlük verəcəyik. Yoxlama görüşləri keçirmədiyimizdən, lider məsələsinə toxunmaq üçün hələ tezdir.

– “Səbail”i, demək olar ki, sıfırdan yığırsınız və yeni mövsümün startına bir aydan da az vaxt qalıb. Komandanı ilk tura tam hazırlaya biləcəksiniz?

– Hazırlıqdan çox şey asılıdır. Mövsümün startına qədər komandanın hazır olmasını istəyirik. Çalışacağıq ki, futbolçularla və düşündüyümüz oyun fəlsəfəsi ilə bağlı problemlərimiz olmasın.

– Ancaq baş tutan transferlərdən sonra sizdən uğurlu nəticə gözləyənlər çoxdur. Bu təzyiq sizə mane olmayacaq?

– Xeyr, hansısa maneçiliyi olmaz. Futbolda bu kimi hallar normaldır. Hətta düşünürəm ki, təzyiqin olması daha yaxşıdır. Düzü, elə bir təzyiq hiss eləmirik. Əsas odur ki, komanda çempionata hazır olsun.

– Rəhbərliyin qarşınıza qoyduğu hədəf nədir?

– Açığı, qarşımıza hansısa hədəf qoyulmayıb. Əlbəttə ki, yaxşı nəticələr göstərmək, daha da irəli getmək istəyirik. Mövsüm başladıqdan sonra oyundan-oyuna hər şey yerini tutacaq. Amma rəhbərlik tərəfindən qoyulan konkret hədəf yoxdur. Buna baxmayaraq, biz özümüz qarşımıza məqsəd qoymuşuq. Hər bir insanın çalışdığı yerdə bir hədəfi olur. Baxaq, görək hara kimi gedə biləcəyik.

futbolinfo.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır