Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Dənizçi Nuranə Əkbərzadə: ”Bu peşəni seçmişəmsə, yolum dənizlərdən keçməlidir” - FOTOLAR

Matros Nuranə Zaur qızı Əkbərzadəni fırtınalar qoynuna dənizçi peşəsinə sevgisi gətirib. Hazırda ASCO-nun "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsində işləyən bu cəsarətli qızın ən böyük arzusu dor ağacında müstəqil Azərbaycanımızın üçrəngli bayrağı dalğalanan gəmilərin göyərtəsinə heyətin başçısı kimi qədəm basmaqdır. İlk qadın kapitanımız Şövkət Səlimova kimi! 

Nuranə xanımla iş başında – növbəti səfərlərin birinə hazırlaşdığı gəmidə söhbətləşdik. 

-Nuranə xanım, fırtınalar qoynunu iş yeri seçməyinizə peşman deyilsiniz ki?

-Əsla! Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmağı həyatımda verdiyim ilk ən düzgün qərar hesab edirəm. Burada oxuduğum 4 il ərzində ADDA-nın rəhbərliyi, professor-müəllim heyəti, bütün tələbə yoldaşlarımdan tələbə qızlara xüsusi qayğı və diqqət gördüm.

Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açmışam. Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəbin son siniflərində oxuyanda dənizçilik sahəsi haqqında söhbətlər mənə çox maraqlı gəlirdi. Amma etiraf etməliyəm ki, dənizdən əvvəl dənizçilərin geyindiyi formanı bəyənmişdim. Çox xoşuma gəlirdi.

Beləcə, 2020-ci ildə sənədlərimi ADDA-ya verdim. 404 balla qəbul olunduğum bu təhsil ocağında dörd ildə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının incəliklərinə dərindən yiyələnməyə çalışdım. Doğrusu, bitirəndən sonra gəmidə işləmək qərarını verməyə bir az çəkindim. Sonra fikirləşdim ki, bu peşəni seçmişəmsə, yolum dənizlərdən keçməlidir. Mən indi çox xoşbəxtəm ki, matros kimi ASCO-nun gəmisində işləyən ADDA-nın ilk xanım məzunuyam. 

- Dənizdə işləməyin çətinlikləri çoxdur. Xanım olaraq öhdəsindən necə gəlirsiniz?

- Mənim üçün ən çətini uzun müddət ailədən kənar qalmaqdır. Doğmalarım üçün darıxıram. Qalan çətinliklər məni qorxutmur. Əsas odur ki, həvəsim var bu işə. Artıq neçə aydır, görkəmli oftalmoloq alimimizin adını daşıyan gəmidəyəm, neçə səfərimiz uğurla başa çatıb. Hamı kimi, mən də çiynimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Sutkada 2 dəfə - günorta 16.00-dan axşam 20.00-a və gecə 04.00-dan səhər 08.00-a qədər növbədə oluram. Ümumilikdə 8 saat işləyirəm. Kapitan körpüsündə növbədə olanda təmizlik işləri də aparıram, gəmiyə ümumi nəzarət edirəm: hər yerinə baxış keçirirəm. Narahatlığa bir səbəb olarsa, dərhal yuxarı vəzifəliləri məlumatlandırıram. Kapitan körpüsündə baş köməkçinin tabeliyində oluram. Biz hər saat gəminin yerləşdiyi kordinatları qeyd etməliyik. Eyni zamanda, gəmimiz körpüyə yan aldıqdan sonra gəmidən düşən, eləcə də gəmiyə minən sərnişinlərin qeydiyyatını aparıram. Gəminin yüklənməsi növbəmə düşürsə, baş köməkçinin göstərişi ilə yüklərin yerləşdirilməsinə də köməklik göstərirəm. 

- Dənizçiliyə maraq göstərən xanımlara sözünüz?

- İlk növbədə demək istəyirəm ki, heç nədən qorxmasınlar. Bu işə maraqları varsa, çəkinmədən qərarlarını versinlər. Təbii ki, böyüklərin, valideynlərin məsləhəti önəmlidir. Amma onu da unutmayaq ki, seçdiyimiz peşə öz gələcəyimiz üçündür. Bu seçimi müstəqil olaraq özümüz etməliyik. Hazırda ölkəmizdə dənizçi olmaq üçün çox gözəl şərait var. Akademiyamızda yüksək səviyyədə təhsil verilir, məzunları dünyanın istənilən gəmiçilik şirkətinin donanmasında işləmək imkanı qazanırlar. Yetər ki, yaxşı oxumağa, dənizçi olmağa istək olsun. ADDA-da oxuyan xanım tələbələrlə tez-tez danışıram. Çox istərdim ki, gəmilərimizdə gələcəkdə məhz bu xanımlar işləsinlər. İnanıram ki, belə də olacaq.

- ASCO-da zərif cinsin nümayəndəsi kimi çalışmağın perspektivini necə görürsünüz? Gələcək üçün hədəflərinizi bilmək olar?

- ADDA-ya daxil olmağım həyatda birinci uğurum oldusa, ASCO-da işə qəbul olunmağımı uğurumun davamı hesab edirəm. Adi qaydada vakansiya üçün müraciət etdim. Əvvəlcə test, sonra isə müsahibə mərhələsindən keçməyi bacardım. Xanım olduğum üçün mənimlə ayrıca söhbət aparıldı. İş haqqında məlumat verdilər. Bütün qarşılaşa biləcəyim məqamları diqqətimə çatdırdılar. Çox gözəl qarşılandım. Mənə etimad göstərdilər və anladım ki, təhsil aldığım Azərbaycan Dövlət Dəniz Akademiyasında xanımlara hörmətin əsası məhz elə ASCO-dan gəlir. Xüsusi diqqətdədir bütün ASCO xanımları. Buna görə ayrıca təşəkkür edirəm. Onu da qeyd edim ki, bu münasibət məni daha da ruhlandırdı və qərarımın düzgün olduğunu anladım.

Hədəflərim var və onlara nail olmaq üçün çox şey öyrənməliyəm. Kifayət qədər təcrübə topladıqdan sonra ASCO-nun Qara dənizdəki gəmilərində üzmək istəyirəm. Uzaq perspektivdə isə hədəfim, təbii ki, gəmi kapitanı olmaqdır.

- Ataların gözəl bir sözü var: “Niyyətin hara, mənzilin də ora!” Biz də mənzilinizə çatmaqda sizə uğurlar arzulayırıq!

-Çox sağ olun.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır