Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Kapitan köməkçisi Məhəmməd Nadirov: “Dənizin şıltaqlığından, fırtınadan qorxandan dənizçi olmaz”

Müsahibimiz kifayət qədər bilikli, dünyagörüşlü gənc dənizçilərimizdən olan Məhəmməd Nadirovdur. Taleyini gəmiçiliklə bağladığı qısa vaxtda onun yolu neçə dənizdən keçib, neçə ölkəyə, liman şəhərinə düşüb.

Məhəmməd Nadirov 2015-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub. O, burada “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına yiyələnib və 2019-cu ildə Akademiyanı fərqlənmə ilə bitirib. Hazırda “Aframax” tipli “Şuşa” gəmisinin kapitanının üçüncü köməkçisi işləyən Məhəmməd Zahir oğlu Nadirovu siz də yaxından tanıyın.

- Məhəmməd, dənizə aparan yolda mayakınız olub?

- Mənim dənizçiliyi seçməyim təsadüfi olub. Orta məktəbi bitirdikdən sonra universitetə qəbul imtahanında 473 bal toplamışdım. İxtisas seçimi ərəfəsində dayım bir dənizçi dostu ilə bizə gəlmişdi. Dənizçilik haqqında söhbətini o qədər  bəyəndim ki, tərəddüd etmədən dənizçi olmaq qərarına gəldim. Ailəmizdə, qohumlarımızın çevrəsində dənizçi olmayıb. Yəqin məndən sonra çox olacaq. Artıq orta məktəbdə oxuyan qohumlarımdan bu peşə ilə maraqlananlar var.

- Dənizçi peşəsini sizin üçün digərlərindən fərqli edən nədir?

- Məncə, dənizçiliyi digər peşələrdən fərqləndirən əsas özəlliyi dənizçilərin əlavə bir çox bilik və bacarığa yiyələnmələridir. Məsələn, dənizçi üçün ilk tibbi yardım göstərmək çətin deyil. Liderlik  qabiliyyəti ilə seçilmək, hər hansı qəza və ya yanğın zamanı özünü itirməmək, dərhal darda olanların köməyinə tələsmək və s. dənizçilər üçün çox vacibdir. Gəmi dənizdə olarkən sahildən köməyin gəlməsi bəzən günlər çəkə bilər. Buna görə, heyət üzvləri əvvəlcədən müəyyən kurslar keçir, zəruri bilik və bacarıqlara yiyələnirlər.

- ASCO-da işə necə qəbul olunmusunuz?

- Akademiyanı fərqlənmə ilə bitirdiyimə görə, ASCO-da imtahansız işə götürüldüm. 2020-ci ilin axırında Dəniz Nəqliyyatı Donanmasının “Professor Gül” gəmi-bərəsində matros kimi işə başladım. 6 ay matros işlədim. Sonra “Koroğlu”, “Professor Əziz Əliyev” tankerlərində kapitan köməkçisi kimi səfərlərə çıxdım. Bir müddət bir türk şirkətinin quru yük gəmisində çalışdım. Hazırda doğma gəmiçiliyimizin “Aframax” tipli “Șușa” tankerində kapitanın üçüncü köməkçisiyəm.

- Yeni tip gəmidə çalşırsınız, hansı üstün cəhətləri var?

- Saymaqla bitən deyil. Ən əsası, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmidə özümü daha inamlı hiss edirəm.

 

- Sizcə, əsl dənizçi necə olmalıdır?

- Əsl dənizçi cəsur, dözümlü olmalıdır. Dənizin şıltaqlığından, fırtınadan  qorxandan dənizçi olmaz.

-Gənc dənizçi olaraq Azərbaycan gəmiçiliyinin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

- Bir ildə 4 yeni nəhəng “Aframax” tankeri və iki “Handysize” tipli quru yük gəmisinin alınması və istismar edilməsi gəmiçiliyimizin sürətli inkişafı haqqında mənim deyə biləcəyimdən daha çox şey deyir.

 

- Əsrimiz sürətli inkişaf əsrdir, süni intellekt və s. kimi yeniliklər adiləşir.. Sizə görə, gəmiçilik sahəsini nələr gözləyir?

- Elm-texnikanın gəmiçiliyə təsiri qaçılmaz olacaq, inkişafını xeyli sürətləndirəcək. Lakin gəmilərin tam avtonom olması üçün uzun illər lazımdır. Mənə elə gəlir ki, gəmidə insan amilinə həmişə ehtiyac duyulacaq.

- Peşəkar dənizçi kimi formalaşmağınızda kimə borclusunuz?

- İlk olaraq dənizçilik ixtisasına yiyələndiyim Akademiyaya, peşəkar kapitanlarıma və çalışdığım gəmi heyətlərinə borcluyam. Onlara həmişə minnətdar olacağam.

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Gitara və pianoda ifa etməyi sevirəm. Bundan əlavə, yeni dil öyrənmək hobbimdir. Rus, ingilis dillərini bilirəm, hazırda ispanca öyrənirəm.

- Gələcək hədəfinizi bilmək olar?

-  Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomunu alan gündən bir arzu ilə yaşayıram: dor ağacında müstəqil Azərbaycanımızın üçrəngli bayrağı dalğalanan gəmidə kapitan kimi səfərlərə çıxmaq!

- Maraqlı müsahibəyə görə sağ olun.

- Siz də sağ olun.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır