ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib
AZCON Holding şirkətlərindən olan ASCO-da ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Həm AZCON Holding, həm ASCO nümayəndələrinin iştirak etdiyi görüşdə multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı, birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çindən olan nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən logistika və nəqliyyat müəssisələri ilə tanışlıq, investisiya imkanlarının öyrənilməsi, beynəlxalq idxal-ixrac ticarəti sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.