

“Samsung Heavy Industries” şirkəti “Evergreen Marine Corp.” üçün VR əsaslı gəmi təlim sistemi təqdim edib
Cənubi Koreyanın aparıcı gəmiqayırma şirkəti “Samsung Heavy Industries” Tayvanın konteyner daşıyıcısı “Evergreen Marine Corp.” şirkətinə virtual reallıq (VR) texnologiyasına əsaslanan gəmi təlim simulyasiya sistemi təqdim edib. Yeni sistem “Evergreen” şirkətinin Tayvanda yerləşən Seafarer Training Center təlim mərkəzində quraşdırılıb.
Təlim platforması metanol ilə çalışan iki yanacaqlı (dual-fuel) mühərriklərə malik konteyner gəmilərinin idarə edilməsi üzrə ekipajın hazırlığına yönəlib. Sistem dənizçilərə real əməliyyatlara başlamazdan əvvəl gəmi sistemlərini təhlükəsiz virtual mühitdə öyrənmək imkanı yaradır.
VR sistemi 2026–2027-ci illərdə istifadəyə veriləcək 24 ədəd 16 000 TEU-luq metanol yanacaqlı konteyner gəmisinin idarə olunmasına hazırlıq məqsədilə tətbiq olunur. Layihə “Evergreen”in yaşıl yanacaqlara keçid strategiyasının tərkib hissəsidir.
“Samsung Heavy Industries” bu texnoloji yeniliyi dəniz nəqliyyatında rəqəmsallaşma və ekoloji dayanıqlılıq sahəsində mühüm addım kimi qiymətləndirir.