Gəmi sürəti niyə düyünlə ölçülür? - Danışır Sİ əsaslı aparıcımız Xəzər! - VİDEO
Düyün, uzel və ya knot bildiyimiz sürət km/saat deyil, mil/saat kimi ölçü vahididir.
Düyün suda bərabər sürətlə hərəkət edən cismin 1 saata 1 dəniz milini qət etdiyi sürətdir. Yəni, 10 düyün ilə (1mil=1852 m) hərəkət edən gəmi saatda təxminən 18,5 km yol qət edir. Bu ölçü vahidinin geniş yayılması onun naviqasiya hesabatlarında əlverişli olması ilə əlaqədardır. Dənizçilikdə 1 dərəcə coğrafi bucaq 60 dəqiqədir və hər dəqiqə 1 mildir. Gəmi 1 saat ərzində meridian ətrafında 1 uzel sürətlə hərəkət edərkən coğrafi enliyin 1 bucaq dəqiqəsi ( yəni 1 mil) qədər yol qət edir.
Bəs, bu termin necə ortaya çıxıb?
Əsrlər əvvəl gəminin sürətini ölçmək üçün dənizçilər laq və kəndirdən istifadə ediblər. Kəndir eyni ara məsafəsi ilə düyünlənirdi. Onun uc hissəsi isə həmin taxta parçasına bağlanırdı. Sonra həmin taxta parçasını suya atırdılar. Burada onun su üzərində hərəkətsiz dayanması vacib idi. Gəmi eyni sürətdə hərəkətə başlayırdı və suya atılmış taxta parçasından uzaqlaşırdı. Bu zaman kəndiri saxlayan matros əlindən keçən düyünləri sayırdı. Digər matros isə 30 saniyəlik qum saatını izləyirdi. Vaxt bitdikdən sonra hesab dayanırdı. Həmin zaman ərzində matrosun əlindən neçə düyün keçirdisə, gəminin sürəti də o qədər düyün hesab edilirdi.
Bu üsulla ölçülən sürət suya nisbətən ölçüldüyü üçün nisbi sürət adlanır. Hazırda gəmilərdə olan texniki vasitələr sürəti həm suya, həm də dəniz dibinə nisbətən (həqiqi sürət) ölçə bilir.

