Puerto-Rikoda dramatik xilasetmə: Xilasedicilərin özləri dənizdə qaldı
Aprelin 2-də Puerto-Riko sahillərində, San-Xuan körfəzi yaxınlığında çevrilmiş qayıqdakı insanları xilas etmək üçün başladılan əməliyyat gözlənilməz hadisə ilə nəticələnib.
“Seanews.az” ABŞ Sahil Mühafizəsinə (USCG) istinadən xəbər verir ki, yerli vaxtla saat 21:00 radələrində 7 metrlik qayığın çevrilməsi və iki nəfərin kömək gözləməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn ABŞ Gömrük və Sərhəd Mühafizəsi agentlərinin qayığı 3 metrlik dalğaların təsirindən qəzaya uğrayıb və 3 agent dənizə düşüb.
Havanın kəskin pisləşməsi və ərazinin riflərlə əhatə olunması səbəbindən xilasedici katerlər zərərçəkənlərə yaxınlaşa bilməyib. Vəziyyətin kritik olduğunu görən Sahil Mühafizəsinin “Jayhawk” helikopteri əməliyyata qoşulub. Helikopterdən enən xilasedici-üzgüçü həm agentləri, həm də qayıqdakı mülki şəxsləri sudan çıxararaq helikopterə qaldırıb.
Xilas edilən 5 nəfər sahilə çatdırılaraq tibbi müayinədən keçirilib. Onların yüngül xəsarətlər aldığı bildirilir. Hazırda hər iki qayığın qəzaya uğrama səbəbləri araşdırılır.

