Antarktidada ilk dəfə köpəkbalığı aşkar edilib
Cənub okeanının dərinliklərində edilən gözlənilməz tapıntı köpək balıqlarının Antarktida sularında yaşamadığı barədə mövcud təsəvvürü şübhə altına alıb. Uzunluğu 3–4 metr olan iri yuxulu köpəkbalığı Cənubi Şetland adaları yaxınlığında videoya çəkilib. Bu, həmin növün nümayəndələrinin indiyədək qeydə alındığı ərazilərdən daha cənubda müşahidə edildiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” portalı məlumat yayıb.
Çəkilişlər Qərbi Avstraliya Universitetinin nəzdində fəaliyyət göstərən “Minderoo–UWA” Dərin Dəniz Tədqiqatları Mərkəzinin kamerası ilə aparılıb. Kamera suyun temperaturunun cəmi 1,27 °C olduğu təxminən 490 metr dərinlikdə yerləşdirilib.
Mərkəzin direktoru Alan Ceymison bildirib ki, alimlər Antarktidada köpəkbalığı görəcəklərini gözləmirdilər. Onun sözlərinə görə, bu, kiçik deyil, kifayət qədər iri fərddir.
O qeyd edib ki, elmi ədəbiyyatda Cənub okeanında, yəni 60-cı paraleldən cənubda köpək balıqlarının müşahidə olunması barədə təsdiqlənmiş məlumat yoxdur. Çarlz Darvin Universitetinin bioloqu Piter Keyn də bu qədər cənubda belə halın əvvəllər qeydə alınmadığını bildirib.
Videogörüntülərdə köpəkbalığının dənizin dibi üzərində yavaş hərəkət etdiyi görünür. Kadrlara həmçinin köpək balıqlarına yaxın qohum olan skat da düşüb. Alimlər bunu gözlənilən hal hesab edirlər, çünki skatların bu bölgədə yaşadığı əvvəldən məlumdur.
Tədqiqatçılar ehtimal edirlər ki, yuxulu köpək balıqları Antarktida sularında əvvəllər də yaşayıb, lakin regionun çətin əlçatan olması səbəbindən qeydə alınmayıb. Təxminən 500 metr dərinlikdə nisbətən daha isti su qatı mövcuddur və köpəkbalığı da məhz bu qatın daxilində müşahidə olunub.
Alimlərin fikrincə, bu köpək balıqları balina cəsədləri, nəhəng kalmarlar və digər iri dəniz heyvanları ilə qidalana bilər. Lakin bu barədə məlumat azdır, çünki belə dərinliklərdə müşahidələr yalnız Cənub yarımkürəsində yay aylarında və dekabrdan fevrala qədər aparılır.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri və okeanların istiləşməsi dəniz yırtıcılarının yayılmasına təsir göstərə bilər. Bununla belə, Antarktida bölgəsində bu cür dəyişikliklər barədə hələ kifayət qədər məlumat yoxdur.

