Sinqapur bayraqlı balkerdə yanğın: iki dənizçi həlak olub
Sinqapur bayrağı altında üzən “Mandy” adlı balkerin maşın şöbəsində baş verən yanğın nəticəsində iki ekipaj üzvü həyatını itirib.
“Seanews.az” xəbər verir ki, hadisə fevralın 17-də, gəmi Sinqapurdan Çinin Yantay limanına səfər edərkən yerli vaxtla saat 19:35 radələrində qeydə alınıb.
2010-cu ildə inşa edilmiş gəmidə 25 nəfərdən ibarət, hamısı Myanma vətəndaşı olan ekipaj xidmət aparırdı. Dənizçilər yanğını söndürə bilsələr də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan üçüncü ekipaj üzvü helikopterlə sahilə təxliyə edilərək xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Çin hakimiyyət orqanları tərəfindən xilasetmə gəmiləri, helikopter və yaxınlıqdakı ticarət gəmiləri cəlb olunub. Rəsmi məlumata görə, insident nəticəsində ətraf mühitə çirklənmə baş verməyib.
180 min tondan artıq yükgötürmə qabiliyyətinə malik gəmini idarə edən şirkət hazırda onun Yantay limanına yedəklənməsi üçün tədbirlər görür. Sinqapurun Dəniz və Liman İdarəsi Çin tərəfi ilə birlikdə hadisənin səbəblərini araşdırır.


