IMO dənizçilik sahəsində dekarbonizasiya üzrə 2026-cı il liderlik proqramına müraciətləri açıq elan edib
Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Koreya Respublikasının maliyyə dəstəyi ilə həyata keçirilən 2026-cı il Dayanıqlı Dəniz Nəqliyyatı Təlim Proqramı (GHG-SMART) üçün namizədlərin qəbulu açıq elan edilib.
“Seanews.az” xəbər verir ki, bir il davam edəcək bu təşəbbüs qlobal miqyasda dənizçiliyin "yaşıllaşdırılması" sahəsində liderlər şəbəkəsi yaratmağı hədəfləyir.
Layihəyə az inkişaf etmiş ölkələr və kiçik ada dövlətlərindən IMO üzvü olanlar hər biri iki namizəd (onlardan biri mütləq qadın olmalıdır) təqdim edə bilər.
Bu proqram iştirakçılara Koreya Respublikasında bir həftəlik praktiki təlim keçmək, milli fəaliyyət planlarının hazırlanmasını öyrənmək və dəniz nəqliyyatında emissiyaların azaldılması üzrə qlobal şəbəkəyə qoşulmaq imkanı yaradır. Xüsusilə fərqlənən iştirakçılar üçün İsveçdəki Ümumdünya Dəniz Universitetində (WMU) magistr təhsili almaq məqsədilə tam təqaüd imkanları da nəzərdə tutulub.
Müvafiq sektorlarda çalışan dövlət rəsmiləri namizədlik formalarını dolduraraq 6 mart 2026-cı il tarixinədək IMO-ya təqdim etməlidirlər.

