

Sinqapurda tam biodizel ilə işləyən ilk liman xidməti gəmisi istifadəyə verildi
Sinqapurun "Pinnacle Marine Pte Ltd" şirkəti ölkədə tamamilə 100 faiz biodizel (B100) ilə işləyən ilk liman xidməti gəmisini istifadəyə verib. “President 100” adlı bu 16 metrlik gəmi alternativ yanacaq texnologiyasına keçid baxımından ölkə üçün mühüm əhəmiyyət daşıyır.
Yeni gəmi 450 at gücündə iki Weichai mühərriki ilə təchiz olunub və istismar zamanı yalnız biodizel yanacağından istifadə edir. Gəmi ilk dəfə bu ilin aprelində suya salınıb və iyulun 7-də rəsmi təqdimatı keçirilib.
Təqdimat mərasimində müxtəlif sənaye nümayəndələri, o cümlədən "AmSpec Group" şirkətinin mütəxəssisləri iştirak edib. “President 100” gəmisi hazırda liman daxilində yardımçı xidmətlər üçün istifadə olunur.
Şirkətin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Sinqapurun sıfır emissiyalı dəniz nəqliyyatı strategiyasına dəstək məqsədi daşıyır və gələcəkdə bu texnologiyanın daha geniş tətbiqi nəzərdə tutulur.