Yaponiya dünyanın ən böyük hidrogen daşıyıcısını inşa etməyi planlaşdırır
Yaponiya hidrogen iqtisadiyyatına keçidi sürətləndirərək, dünyada ən böyük mayeləşdirilmiş hidrogen (LH2) daşıyıcısı (40 min kubmetr tutumlu) olacaq gəminin inşasını planlaşdırır.
"Seanews.az" xəbər verir ki, məqsəd kommersiya miqyaslı hidrogen idxal təchizat zəncirini formalaşdırmaqdır.
Yaponiyanın "Kawasaki Heavy Industries" (KHI) gəmiqayırma şirkəti bu layihə çərçivəsində "Japan Suiso Energy" (JSE) ilə əməkdaşlıq edəcək.
Layihə Yaponiyanın Yeni Enerji və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı (NEDO) tərəfindən dəstəklənir və təxminən 2 milyard dollar büdcəyə malikdir.
2021-ci ildə Yaponiyanın hidrogen idxalı infrastrukturunu inkişaf etdirmək məqsədilə yaradılan "JSE" layihəyə rəhbərlik edəcək, gəminin inşası isə "KHI"-nin "Sakaide Works" tərsanəsində həyata keçiriləcək.
Gəminin uzunluğu təxminən 250 metr olacaq, sürəti 18 düyün təşkil edəcək. Nümayiş xarakterli səfərlərə, o cümlədən yükləmə və boşaltma əməliyyatlarına 2030-cu ilə qədər başlanılması planlaşdırılır.
"LH2" daşıyıcısı buxarlanma itkilərini minimuma endirən qabaqcıl izolyasiya sistemləri, ultra-aşağı temperaturda ötürmə üçün ikiqat divarlı vakuum izolyasiyalı boru xətləri və yanacaq kimi hidrogen buxarından istifadə edə bilən hərəkət sistemi ilə təchiz ediləcək. Gəminin gövdə forması və sualtı oturumu mayeləşdirilmiş hidrogenin aşağı sıxlığı nəzərə alınaraq optimallaşdırılıb ki, bu da enerji tələbatını azaldaraq səmərəliliyi artıracaq.

