

“Grimaldi” donanmasına yeni “ammonia-ready” avtomobil daşıyan gəmi əlavə edib
İtaliyanın “Grimaldi Group” gəmiçilik şirkəti Çinin Şanxay şəhərində keçirilən mərasimdə özünün ən yeni “PCTC” tipli “Grande Tianjin” gəmisini təhvil alıb.
“Seanews.az” xəbər verir ki, “Grande Tianjin” Çinin “Shanghai Waigaoqiao Shipbuilding” tərsanəsində “Grimaldi” üçün inşa edilən yeddi ədəd “PCTC” tipli gəmidən birincisidir.
Yaxın günlərdə gəmi “Leapmotor” avtomobil şirkətinin sifarişi ilə 1.000 ədəd elektrik avtomobilini Şimali Avropaya çatdırmaq üçün Şanxaydan yola çıxacaq.
Yeni gəminin uzunluğu 200 metr, eni 38 metr, ümumi tonnajı təxminən 77.500 GT təşkil edir. Gəmidəki dörd avtomobil göyərtəsi 250 tona qədər ağırlığı və 6,5 metr hündürlüyü olan digər tip yükləri, o cümlədən irihəcmli təkərli texnikanı da daşıya bilir.
“PCTC” tipli gəmi bir ədəd “MAN B&W 7S60 ME-C10.6-HPSCR” tipli elektron idarəetməli mühərriklə təchiz olunub. “Grimaldi”-nin məlumatına görə, bu mühərrik CO₂, NOx və SOx emissiyaları üzrə ən sərt beynəlxalq tələblərə cavab verir.
“Grande Tianjin” həmçinin RINA tərəfindən verilmiş “ammonia ready” klas notuna malikdir ki, bu da onun gələcəkdə alternativ yanacaq kimi ammiakla işləyəcək şəkildə çevrilməsinə imkan verəcək. Gəmi sahildən enerji ilə yüklənmə (shore power charging) sistemi ilə də təchiz olunub.