

Azərbaycan Dövlət Dəniz Akademiyası abituriyentlərin yolunu gözləyir
Bu gündən ölkənin ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Seçim prosesi 19 avqustadək davam edəcək.
Əziz abituriyentlər, sizi dənizçiliyin sirlərinə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yiyələnməyə dəvət edirik.
ADDA-ya qəbul DİM tərəfindən keçirilən I qrup imtahanlarının (RK altqrupu) nəticələrinə əsasən aparılır.
Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanı nəzərdə tutulmur.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün ADDA-ya ümumilikdə 350 plan yeri ayrılıb.
Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında (ümumilikdə 120 yer) Azərbaycan dili ilə yanaşı (75 yer), rus (15 yer) və ingilis dillərində (30 yer) də tədris nəzərdə tutulub.
“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına tədris Azərbaycan (75 yer) və ingilis dilində (25 yer) olmaqla, ümumilikdə 100 yer ayrılıb.
“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının (yalnız Azərbaycan dilində tədris olmaqla) hər birinə 35 yer ayrılıb.
2025/2026-cı tədris ili üzrə Azərbaycan Dənizçilik Kollecinin (ADK) məzunlarına ADDA-ya imtahansız qəbul imkanı da yaradılacaq. Yeni qaydalara əsasən, hazırda dənizçilik sahəsində çalışan, ADK-nı bitirmiş şəxslər “Dəniz naviqasiyası mühəndisliyi” üzrə 35, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” üzrə isə 25 yerə yalnız ümumi orta müvəffəqiyyət göstəriciləri əsasında qəbul ola biləcəklər. Qəbul yalnız ödənişli əsaslarla və qiyabi formada həyata keçiriləcək.
Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması ilə təmin olunacaqlar, eyni zamanda güzəştli şərtlərlə yataqxana imkanından istifadə edə biləcəklər.
Dənizləri bizimlə fəth etmək istəyənlərin yolunu ADDA-da gözləyirik və bütün abituriyentlərə uğurlar arzulayırıq!