Neft daşımalarında “qiymət tufanı”: Supertankerlərin günlük icarəsi 200 min dolları keçdi
Yaxın Şərqdən Asiyaya xam neft daşıyan supertankerlərin (VLCC) günlük icarə tarifləri 2020-ci ilin pandemiya dövründən bəri ən yüksək həddə çatıb.
“Seanews.az” "Reuters" və "Bloomberg"ə istinadən xəbər verir ki, qiymətlər günlük 170.000 - 200.000 ABŞ dolları arasında dəyişir. Hətta Səudiyyə Ərəbistanının "Bahri" şirkətinin "DHT Jaguar" tankeri üçün günlük 208.000 dollar ödədiyi bildirilir.
Qiymət artımının əsas səbəbləri kimi Yaxın Şərqdən Çinə ixracın artması, Rusiya və İrana qarşı sanksiyaların sərtləşməsi və geosiyasi qeyri-müəyyənlik fonunda ölkələrin ehtiyat toplamağa başlaması göstərilir.
Bazarda yaranan bu yüksəliş nəticəsində birillik icarə müqavilələrinin də qiyməti kəskin artaraq günlük 105.000 dollara çatıb.
Şirkətlər bu bahalaşmadan sığortalanmaq üçün artıq yeni addımlar atır. "Mercuria" Çindən 500 milyon dollarlıq yeni tankerlər sifariş edib, "Bahri" isə ötən ilin avqustunda yunan şirkətindən 1 milyard dollara 9 ədəd tanker alaraq öz donanmasını gücləndirib. Bundan əlavə, Səudiyyə Ərəbistanı öz ərazisindəki tərsanələrdə ilk dəfə irimiqyaslı gəmiqayırma layihələrinə start verib.

