Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Təhlükəli yüklərin daşınması: qaydalar və incəliklər

Gəmi ilə yükdaşımaların tarixi çox qədimdir. Bu nəqliyyat növünün özü ilə paralel olaraq onun göyərtəsində daşınan yüklər də illər ərzində dəyişib. Onların qablaşdırılması, gəmilərə yüklənməsi üsulları zaman-zaman təkmilləşdirilib. Bütün bunlar insanların rahatlığı ilə yanaşı, həm də yüklərin bir limandan digərinə daha təhlükəsiz çatdırılmasına xidmət edib.

Hazırda gəmi ilə adi yüklərlə yanaşı, təhlükəli yüklərin daşınması da həyata keçirilir.

Belə yüklərin daşınması üçün bir sıra normativ-hüquqi qaydalar işlənib. Təhlükəli yükü yola salmazdan əvvəl onu qaydalarda qeyd olunduğu kimi qablaşdırmaq və lazım olan sənədləri hazırlamaq lazımdır. Əvvəlcə təhlükəli yüklər barədə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.2000-ci il tarixli 75 saylı Qərarına (http://www.e-qanun.az/framework/239) əsasən təhlükəli yüklər 9 sinfə bölünür:

1-ci sinif — partlayıcı maddələr (PM);

2-ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar;

3-cü sinif — tezalışan mayelər (TAM);

4-cü sinif — tezalışan bərk maddələr; öz-özünə alışmağa meyilli maddələr; su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr (BM);

5-ci sinif — oksidləşdirici maddələr və üzvi peroksidlər (OM);

6-cı sinif — zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr (ZM);

7-ci sinif — radioaktiv materiallar (RM);

8-ci sinif — korroziyaya uğradan maddələr (KM);

9-cu sinif — digər təhlükəli maddələr

Bu siniflər də öz növbəsində altqruplara bölünür, onların hər birinə özəl rəng verilir və rəngə uyğun xəbərdarlıq nişanlanması aparılır. Təhlükəli yüklərin su nəqliyyatı vasitəsi ilə daşınması hər bir ölkənin qanunvericiliyi ilə yanaşı, beynəlxalq normalar və müqavilələrlə tənzimlənir.

Hazırda bütün ölkələr tərəfindən qəbul olunan” “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” (İMDGC) belə yüklərin daşınması üçün əsas sənədlərdən hesab edilir. Bu sənədin əsasında daşınma üçün əsas qaydaları müəyyən etmək olar. Təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan taranın etibarlığı da böyük rol oynayır. Bu zaman da bir sıra tələblərə ciddi əməl olunmalıdır.

Həm yüklər, həm də onları daşıyan gəmilər Beynəxalq Məcəllə və dövlətlərin tələbinə uyğun xüsusi nişanlanmalıdır. Yükün sinfi xüsusi piktoqramlar vasitəsilə müəyyən edilir.

Bütün bunlardan əlavə, gəmidə yükə aid sənədlərin də olması vacibdir. Bura təhlükəli yüklərin siyahısı, yükün texniki adı, xarakteristikası, təhlükəlik səviyyəsi və yerləşməsini özündə əks etdirən plan aiddir. Sənədlər gəmi hərəkətə başlamazdan əvvəl cavabdeh şəxslər tərəfindən limanda yoxlanılır.

Musa Əliyev - İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır