

Dəniz küləyi sənayesinə 543 milyon dollar sərmayə yatırılacaq
Böyük Britaniyanın dəniz ərazilərinə sahib olan Kral III Çarlzın nəzdindəki “Crown Estate” krallıq əmlak fondu ölkənin dəniz küləyi sənayesinə 400 milyon funt sterlinqədək (təxminən 543 milyon ABŞ dolları) sərmayə yatıracağını açıqlayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, sərmayənin məqsədi dəniz küləyi infrastrukturunun genişləndirilməsi üçün limanların, istehsal zənciri obyektlərinin, eləcə də tədqiqat və sınaq müəssisələrinin tikintisini dəstəkləməkdir. Qurumun məlumatında bildirilir ki, Böyük Britaniyada dəniz küləyi potensialının tam reallaşması üçün təchizat zəncirinin gücləndirilməsinə ciddi ehtiyac var.
Böyük Britaniya 2030-cu ilə qədər elektrik enerjisi sektorunu tamamilə dekarbonizasiya etməyi və bərpa olunan enerji mənbələrinin, xüsusilə dəniz küləyinin payını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Bu, ölkəni fosil yanacaq qiymətlərindəki dəyişkənliklərdən qorumağa xidmət edəcək.
Maliyyələşmə iki əsas proqram vasitəsilə həyata keçiriləcək. Onlardan biri 350 milyon funt sterlinqlik təchizat zənciri investisiya proqramıdır və yeni infrastrukturunun tikintisinə yönələcək. Digər proqram isə erkən mərhələli layihələrin inkişafını dəstəkləmək məqsədi daşıyır.