ADDA-nın tələbəsi Afinada beynəlxalq turnirin qalibi oldu
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi mexanikası və elektromexanikası fakültəsinin III kurs tələbəsi Yusif İbrahimov Afinada uşu sanda üzrə keçirilən "International Acropolis Wushu Tournament" beynəlxalq turnirində çempionluq zirvəsinə yüksəlib.
Dünyanın müxtəlif ölkələrindən ən güclü idmançıların qatıldığı yarışda 18+ yaş kateqoriyasında və 65 kq çəki dərəcəsində mübarizə aparan Yusif İbrahimov yüksək fiziki hazırlığı və əzmi ilə rəqiblərini geridə qoymağı bacarıb.
Turnirin ilk qarşılaşmasında İtaliya təmsilçisini 4-1 hesabı ilə məğlub edərək inamla finala adlayan Yusif, həlledici görüşdə ev sahibi olan Yunanıstanın təmsilçisinə heç bir şans tanımayıb. Azərbaycan idmançısı rəqibini 5-0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Azərbaycan bayrağını beynəlxalq idman arenasında qürurla dalğalandıran Yusif İbrahimov ölkə miqyaslı yarışlarda Respublika dərəcəli hakim kimi də fəaliyyət göstərir.




