Məşhur filmin çəkildiyi adada gəmi qəzası: Sərnişinlər təxliyə ediliblər
Ficidə ekskursiya həyata keçirən "Fiji Princess" kruiz gəmisi aprelin 4-də Tom Henksin məşhur “Atılmış” ("Cast Away") filminin çəkildiyi adada saya oturub. Sakit havada lövbər salan 55 metrlik gəmi qəfil başlayan güclü qasırğa nəticəsində qayalıqlara (riflərə) çırpılıb.
“Seanews.az” xəbər verir ki, gəminin gövdəsi ciddi zədə alıb və daxili hissələrə su dolmağa başlayıb. Gəmi hazırda sol tərəfə meylli vəziyyətdə rifin üzərində qalıb.
Gəmidəki 30 sərnişin və 17 heyət üzvü bərə vasitəsilə Port Denarau limanına təhlükəsiz şəkildə çatdırılıb. Xəsarət alan yoxdur.
Əsas narahatlıq gəmidəki 20 000 litr dizel yanacağı ilə bağlıdır. Hələlik sızma qeydə alınmasa da, ehtiyat tədbiri kimi əraziyə qoruyucu avadanlıqlar yerləşdirilib.
Avstraliyadan gələn xilasetmə qrupu fırtınalı hava və güclü dalğalar səbəbindən hələlik sualtı müayinə apara bilmir. Yaxınlaşan tropik fırtına ilə əlaqədar gəmidə qalan sonuncu heyət üzvləri də təxliyə ediliblər. Hava şəraiti imkan verən kimi yanacağın boşaldılmasına və gəminin ərazidən çıxarılmasına başlanılacaq.


