Ekoloji fəallar Amsterdam limanında kruiz gəmisinin dayanmasına mane olublar
Niderlandın Amsterdam şəhərində ekoloji fəallar “Celebrity Eclipse” kruiz gəmisinin limana yan almasına mane olublar. “Extinction Rebellion” qrupunun üzvləri 26 iyulda səhər saatlarında kiçik qayıq və kanoelərlə gəmiyə yaxınlaşaraq onun sərnişin terminalına daxil olmasını təxirə salıblar.
121 878 gross tonna malik gəmidə həmin vaxt 2 850 sərnişin və 1 200 ekipaj üzvü olub. 11 günlük səfər çərçivəsində limanda dayanması planlaşdırılan gəmi təxminən iki saat gecikib. Etirazçılar kruiz sənayesinin iqlimə, təbiətə və insanlara mənfi təsir göstərdiyini əsas gətirərək bu fəaliyyətin dayandırılmasını tələb ediblər.
Polis hadisə yerinə katerlər göndərərək su yolunu açmağa çalışıb. Fəallar iddia edirlər ki, hüquq-mühafizə orqanları onların şişmə qayıqlarının üzərindən keçib. Beş nəfər saxlanılıb, onlardan ikisi sonradan sərbəst buraxılıb.
Liman administrasiyası gəminin yaxınlığında kiçik su nəqliyyat vasitələrinin olmasını təhlükəli adlandırıb. Bildirilib ki, 315 metr uzunluğunda gəminin sükanaltı dartıcıları etirazçılar üçün ciddi risk yarada bilərdi.
Qeyd edək ki, “Extinction Rebellion” qrupunun 2024-cü ildə keçirdiyi bənzər aksiyalar nəticəsində bir sıra kruiz gəmilərinin marşrutları dəyişdirilmiş, limana daxil olan gəmilərin sayına isə məhdudiyyət tətbiq olunmuşdu.