• Bakı, 2019-12-12,
Seanews
Heyder Eliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsiz iş şəraiti prioritet məsələdir

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalat xəsarəti və peşə xəstəliyindən 2 milyon insan həlak olur. Bu bədbəxt hadisələr ölkələrin iqtisadi inkişafına ziyan vurmaqla yanaşı, dünya üzrə ümumi daxili məhsulun 4 faizinin itirilməsinə də səbəb olur.

Bəli, hər bir iş yerində risk və təhlükə var. Bu elə bir məsələdir ki, ondan tamamilə qaçmaq mümkün deyil. Buna baxmayaraq, riskləri minumuma endirmək olar.

Əməyin mühafizəsi sahəsində tədbirlərin gücləndirilməsi və dəyərləndirilməsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də xüsusi diqqət ayırdığı məsələlərdəndir. Cəmiyyətin yaradılması ilə, yeni rəhbərliyin atdığı zəruri və təxirəsalınmaz addımlardan biri Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (KSƏTƏMM) departamentinin yaradılması oldu. KSƏTƏMM departamenti işini beş əsas istiqamətdə qurub: Əməyin mühafizəsi, sağlamlıq, ekologiya, yanğından mühafizə və idarəetmə keyfiyyətinə nəzarət.

Xidmətin əsas məqsədi təhlükəsiz iş mühitinin təmin olunması üçün metodik dəstəklə Cəmiyyətin istehsalatına köməklik etmək, dənizdə və limanlarda baş verə biləcək çirklənmələrin qarşısını almaq, bütün müəyyən edilmiş risklərə qarşı ehtiyat və qabaqlayıcı tədbirlər həyata keçirməkdir.

Əməyin mühafizəsi yalnız sosial deyil, iqtisadi baxımdan da önəmlidir

Departamentin rəisi Ələkbər Əzizli: “Əmək şəraitinin yaxşı olduğu, müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə  səmərəlik, məhsuldarlıq hər zaman yüksək olur. Bu səbəbdən iş yerlərində sağlam və təhlükəsiz şəraitin  yaradılması  olduqca  vacibdir. KSƏTƏMM departameninin önəm verdiyi sahələrin hər birinə ayrı-ayrılıqda xüsusi mütəxəssislər cavabdehdir. Demək olar ki, fəaliyyətimiz tam beynəlxalq prinsip və standartlara əsaslanır.“

 “İşlər təhlükəsiz aparılmalı, hamı sağlam qalmalı”

Departamentin əsas şüarı belədir: “İşlər təhlükəsiz aparılmalı, hamı sağlam qalmalı”… Bunun üçün vaxtaşırı Cəmiyyətin gəmilərinə, sahil obyektlərinə, ümumilikdə mövcud infrastruktura nəzarət həyata keçirilir, aşkarlanan uyğunsuzluqlar aradan qaldırılma üçün dərhal aidiyyəti xidmət və rəhbərlərə raportlanır, icra  nəzarətə  götürülür.

Departamentdə hər kəs sağlamlığa gedən yolun təhlükəsizlikdən başladığına əmindir. Amma təkcə əməyin təhlükəsizliyi qaydalarına əməl etməklə hər şey bitmir. Təhlükəsizlik dedikdə ətraf mühitin qorunması məsələsi də unudulmamalıdır. KSƏTƏMM departamenti bu sahəyə də xüsusi həssaslıqla yanaşır.

Ələkbər Əzizli: “Bu yaxınlarda Cəmiyyət olaraq enerjiyə qənaətlə bağlı mühüm addım atdıq, İSO 50001 standartını tətbiq etdik. Bu da o deməkdir ki, biz enerjiyə qənaət edirik. Bütün ofislərdə, gəmilərdə, zavodlarda enerjinin qənaətliyini prioritet məsələ kimi qarşımıza qoymuşuq. Enerjiyə qənaət isə sonda ətraf mühitin mühafizəsi anlamına gəlir. Bu həm də maddi baxımdan sərfəlidir.”

Ümumilikdə tətbiq olunan standartların birləşməsi  isə keyfiyyət əmələ gətirir. Keyfiyyət sistemi – İSO 9001 beynəlxalq idarəetmə standartına əsaslanır. Bu standartın əsas tələbi “Daimi inkişaf”dır. Başqa sözlə, mövcud sənədləri və iş prosedurlarını mütəmadi yeniləmək, onları təkmilləşdirmək. Bu məsələdə də Cəmiyyət beynəlxalq təşkilatlarla, ayrı-ayrı dənizçilik assosiasiyaları ilə əməkdaşlıq edir. Buna misal olaraq İNTERCARGO, İMCA, İNTERANKO, MSF  kimi  təşkilatların  üzvlük  şəhadətnamələri  göstərilə  bilər.

Ələkbər Əzizli: “Bu assosasiyalardan mütəmadi olaraq yeniliklər göndərilir.   Biz onları təhlil edirik, iş prinsipimizə maraqlı olanları gəmilərə göndəririk. Bunlar hamısı gələcəkdə prosedurların təkmilləşməsinə gətirib çıxarır.   İşimizin keyfiyyətli təşkili üçün tez-tez təlimlər keçirilir. Ən əsası isə ildə bir dəfə İSO beynəlxalq idarəetmə sistemlərinin tələblərinə uyğun olaraq Cəmiyyətdə daxili audit aparırıq. Bundan başqa, dünyanın nüfuzlu sertifikasiya təşkilatlarından biri sayılan “Amerika Gəmiçilik Bürosu” (ABS) şirkəti tərəfindən xarici audit yoxlamaları aparılır. Bu yoxlamalar Gəmiçiliyin inkişafına xeyli təsir göstərir. Hər dəfə hansısa uyğunsuzluq ortaya çıxanda yeni həll yolu tapırıq. Nəticə çıxarmaq baxımından bu çox yaxşıdır.”

Ümumiyyətlə, keyfiyyət sisteminin tələbləri çoxdur. Məsələn, iclas və tədbirlərin keçirilməsi xüsusi diqqət və həssaslıq tələb edir: ”Hadisə baş verəndə necə davranmaq lazımdır?”, “Hansı əyani vasitələrdən, hansı kəlmələrdən istifadə edilməlidir?” və s. Əsas tələblərdən biri də statistikanın düzgün aparılması, təhlillərin faktlara və rəqəmlərə əsaslanmasıdır. Çünki, atılacaq addımlar bu təhlillərin nəticələrindən asıldır.

Keyfiyyətin yüksəldilməsi departamentin qarşısına qoyulan əsas tələbdir.   Dörd illik fəaliyyətin nəticələrinə əsaslanıb deyə bilərik ki, bu istiqamətdə az uğur əldə olunmayıb.

“Təkcə onu deyə bilərəm ki, indi bizim şirkətdə sənədləşmələr elektronlaşdırılıb. Bu operativlik anlamına gəlir, işin səmərəliyinə birbaşa təsir edən amildir. Digər tərəfdən kağızlara qəanətdir. Nəticə etibarı ilə isə ekologiyaya  verdiyimiz  bir  töhfədir”

Departament rəhbəri Ələkbər Əzizli əməkdaşlarla münasibətlərdən də danışdı. Deyir  ki, komanda  şəklində  çalışmağımız  üstünlüyümüzdür.

“Hər zaman işçiləri təmkinli olmağa çağırıram. Tələsməyə ehtiyac yoxdur. Hər kəs, o cümlədən mən də səhv edə bilərəm. Əsas  bu səhvdən  düzgün nəticə çıxarmaqdır. Ona görə də, hasısa bir işi görəndə komandanın fikrini öyrənirəm. Məqsədimiz birdir – Gəmiçilik inkişaf etsin.”

Ələkbər Əzizli ilə etdiyimiz uzun söhbətdən sonra üz tuturuq departamentin ətraf mühitin mühafizəsi üzrə mühəndisi, biologiya üzrə fəlsəfə doktoru Sabir Kərimzadənin yanına.

– Sabir müəllim, Gəmiçilikdə ətraf mühitin mühafizəsi ilə bağlı vəziyyət necədir?

– Ətraf mühitin qorunması Gəmiçilik üçün əsas davamlı inkişaf meyarlarından biridir. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz  atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi Cəmiyyət tərəfindən çox ciddi diqqət mərkəzində saxlanılır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

– Bəs, nəticələr sizi qane edirmi?

– Cəmiyyətdə ətraf mühitin mühafizəsi yönümündə müəyyən işlər görülür. Məsələn, müxtəlif maye və bərk tullantıların idarə olunması ilə bağlı qeyd edə bilərəm ki, təkcə bu ilin ilk yarısında Gəmiçiliyin gəmiləri və sahil obyektlərində formalaşan 68144,77 ton çirkab məişət-təsərrüfat suyu, 2734,0 ton neftli döşəməaltı su, 78,0 ton işlənmiş texniki yağ, 225,8 ton neftli şlam, 86,07 ton neftsiz şlam, 10,44 ton yanmış qılib qumu, 864,89 ton abraziv, 44,31 ton yağlı əski, 28,4 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi     məmulat, 39 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 30,24 ton rezin tullantısı, 76 ədəd yanacaq,  283 ədəd yağ və     142 ədəd hava süzgəcləri, 1,08 ton toner-katric, 2,33 ton təşkilati elektron avadanlığı, 218,8 ton keramik qırıntı, 7,5 ton asbest qalığı, 34,16 ton işlənmiş boya qabı, 288,09 ton taxta tullantı, 30,0 ton tibbi tullantı, 89,35 ton şüşə qırığı, 143,06 ton sellüloz  tullantısı, 128,36 ton tekstil parça qalığı, 156,14 ton polimer əsaslı tullantı, 404,27 ton qida qalığı, 1,53 ton işlənmiş qida yağı səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlarla bağlanmış müqavilələr əsasında ərazilərimizdən kənarlaşdırılaraq təhvil verilib. Bu dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 14,28 ton müxtəlif ölçülü əşyalar  yığılaraq  təhvil  verilib.

– Düşünürəm, bu nəticənin ortaya çıxması gərgin əmək tələb edir. Hər halda bu bir nəfərin işi deyil.

– Əlbəttə, bu işlərin hamısını tək mən görə bilmərəm. Cəmiyyətin  dəniz xidmətləri və istehsalatla bağlı hər bir struktur vahidində mühəndis-ekoloqlar fəaliyyət göstərirlər. Onlar hər gün ətraf mühtin mühafizəsi ilə bağlı dəniz və sahil obyektlərinə baxış və monitorinqlər keçirirlər, nəticələri əsasında “Ekoloji gündəlik müşahidə vərəqi” formaları tərtib olunur. Həmin vərəqlərin elektron versiyaları KSƏTƏMM departamentinə daxil olur, təhlil edilir, aşkarlanmış uyğunsuzluq və nöqsanlar “KSƏTƏMM departamenti tərəfindən aparılmış monitorinqlərdə aşkar olunmuş çatışmazlıqların  aradan qaldırılması tədbirləri üzrə dövri Nəzarət Vərəqi”ndə göstərilir, icrası nəzarətdə saxlanılır. Son olaraq isə, sizə  təqdim  etdiyim  rəqəmlər  ortaya  çıxır.

Cəmiyyətin ekoloji yönümdə prioritet saydığı istiqamətlərdən biri də gəmilərdəki maye çirkləndiricilərin idarə olunması əməliyyatlarını müasir reallıq və imkanlar nəzərə alınaraq təkmilləşdirməklə dənizin gəmilərdən maye tullantılarla çirklənməsi ehtimalının minumuma endirilməsinə nail olmaqdır. Bu məqsədlə Cəmiyyətin “Təhlükəsizliyin Keyfiyyətli İdarəetmə Sistemi”nin  tərkib hissəsi olan “Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin    mühafizəsi. Təhlükəsiz iş təcrübələri” toplusu çərçivəsində KSƏTƏMM departamenti tərəfindən “Maye çirkləndiricilərin gəmilərdən dənizə axıdılmasına yol verməmək üçün müvafiq atqı nöqtələrində plomblanma, plombqırma və nəzarət qaydaları” tərtib olunaraq təsdiqələnib. Hazırda gəmilərdə  yeni  qaydaların  tətbiqinə  hazırlıq  işləri  gedir.

 “Məqsədimiz tam təhlükəsiz bir iş şəraiti qurmaqdır”

Departamentin təcrübəli əməkdaşı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis Vaqif Bağırovun sözlərinə görə, hər bir işin yerinə yetirilməsi zamanı müəyyən ardıcıllıq olmalıdır. Təhlükəsizliyin də təmin olunması sahəsində belədir. Məhz, departamentin beynəlxalq  tələblərə uyğun hazırladığı “Təhlükəsizliyin Keyfiyyətli İdarəetmə Sistemi” də  buna  xidmət  edir.

Vaqif Bağırov deyir ki,  beynəlxalq standartlar və milli qanunvericiliyə əsaslanan fəaliyyətlərinin kökündə işçilərin, gələn qonaqların, müştərilərin     və  eyni  zamanda  təcrübəçilərin  təhlükəsizliyini  təmin  etmək  durur.

“Hamının təhlükəsizliyində bir məsuliyyətimiz var. Əsas vəzifələrimizdən biri də hadisələrin qarşısının alınması üçün əvvəlcədən müəyyən qabaqlayıcı tədbirlər hazırlamaq və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdir. Bu baxımdan vaxtaşırı monitorinqlər keçiririk. Norma və standartların tələblərinin pozulması hallarına rast gəldikdə müvafiq qaydada aidiyyəti üzrə rəhbərliyə məlumat verilir, eyni zamanda həmin pozuntuların aradan qaldırılması üşün metodiki köməklik göstəririk.

Təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyinə diqqət çəkən mühəndis bildirir ki, bu elə də çətin deyil. Hər kəs öz məsuliyyətini dərk etsə, ortaya ciddi problemlər çıxmaz.

“Təhlükəsizlik üçün hər kəs əlindən gələni etməlidir. Daha diqqətli olmaq isə təhlükəsizliyin  əsasıdır. Təssüf ki, bəzən bunun əksini edənlərə də rast gəlinir. Kimi səhlənkarlıqdan norma və standartların tələbini pozur, kimi isə bunun vacibliyini anlamır. Bu kimi işçilərlə izahedici söhbətlər aparilir,təlimlər keçiririk, Təhlükəsizliyin Keyfiyyətli İdarəetmə Sisteminin təkmilləşdirilməsi  istiqamətində  işləri  davam etdiririk.”

Müəllif: Rövşən Abdurəhmanlı

Foto: Turab Məmmədov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır