Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-01,
Seanews
Heyder Eliyev

Bakı dənizçilik sinfindən Akademiyaya

Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyinə 1-ci yazı

Xəzərdə peşəkarlığın təməli: 1881-ci ilin noyabr sabahı

1881-ci il noyabrın 11-də “Kaspi” qəzeti yazırdı: "Bazar günü, noyabrın 7-də*, Bakı dənizçilik sinfinin (kursunun) açılışı baş tutdu. Bu sinfin yaradılması   haqqında ilk fikir hələ 1872-ci ildə meydana gəlmişdi. Bakıda dənizçilik sinfinin əhəmiyyəti barədə qəzetimizin elə ilk saylarında kifayət qədər danışmışıq; indi isə ona yalnız inkişaf və çiçəklənmə arzulaya bilərik. Digər şəhərlərdəki dənizçilik siniflərinin fəaliyyəti son dərəcə məhsuldardır və ümid edirik ki, bizdə — Bakıda da uzun müddətdir gözlənilən bu yeni müəssisə, hazırlıqlı və bilikli insan qıtlığından əziyyət çəkən ticarət gəmiçiliyinə böyük fayda verəcəkdir. Növbəti sayımızda ictimaiyyəti Bakı dənizçilik sinfi ilə daha yaxından tanış etmək üçün Maliyyə Naziri tərəfindən təsdiq edilmiş Əsasnaməni dərc etməyə ümid edirik."

 *bəzi mənbələrdə 1881-ci il  8 noyabr göstərilib. 

 

 

Bu yazıda bir məqam xüsusi diqqət çəkir. Təhsil ocağının yaradılması ideyası ilə açılışı arasında 9 illik bir zaman kəsiyi var. Sual yaranır: bu ideya kimə məxsus idi və niyə məhz 1872-ci il?

Məlumdur ki, 1846-cı ildə əvvəlcə Bibiheybətdə, daha sonra isə Balaxanıda sənaye üsulu ilə neft hasil edilib və bu, Azərbaycanda neft sənayesinin inkişafına böyük təkan verib.

Lakin Bakı neft sənayesinin tarixində əsaslı dönüş məhz 1872-ci ildə olub. Həmin il fevralın 17-də hökumət neft sənayesindəki iltizam sistemini (откупная система) ləğv edib. Bundan sonra neftli torpaqların hərraclara çıxarılmasına başlanılıb ki, bu da sahənin intensiv inkişafına rəvac verib.  Azərbaycanda neft sənayesinin sürətli inkişafını şərtləndirən əsas amillər aşağıdakılar idi:

 - Neftin sənaye üsulu ilə hasilatının artması;

 - Azərbaycanda böyük və ucuz işçi qüvvəsinin mövcudluğu;

 - Zəngin neft yataqları və Azərbaycan neftinin yüksək keyfiyyəti;

 - Həmin dövrdə Rusiyanın digər ərazilərində kəşf edilmiş neft yataqlarının olmaması.

İltizam sisteminin ləğvindən sonra neft sənayesinə yatırılan kapitallar artıb. Rusiya hökuməti bu sahənin yüksək gəlirli olduğunu nəzərə alaraq, neftli torpaqları daha çox rus sənayeçilərinə ötürməyə çalışıb. Bununla belə, həmin hərraclarda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi sahibkarlar da neftli torpaqların sahibi olublar.

Quyuların sayının və dərinliyinin getdikcə artması hasilatın həcmini yüksəldib. Hasilat artdıqca onun emalı, satışı və daşınması ilə məşğul olan bir çox irili-xırdalı şirkətlər yaranıb. 

Dəniz yolu ilə daşımalar həmin dövrdə strateji əhəmiyyət kəsb etməyə başlayıb və məhz peşəkar dənizçi kadrlara tələbat artıb. Lakin bu peşəni öyrədən təhsil ocağı yox idi. Biliklər praktiki yolla dənizdə atadan övlada ötürülürdü. Oğlan uşaqları erkən yaşda dəniz səfərlərinə aparılır və təcrübələrini bilavasitə dənizdə qazanırdılar. Beləliklə, gəmiləri idarə edənlər əsasən təcrübəli, amma nəzəri biliyi olmayan "köhnə dənizçilər" idi.

Gəmi sahibləri anlayırdılar ki, peşəkar kadrlar olmadan Xəzərdə rəqabətə davam gətirmək mümkün olmayacaq. Odur ki, 1872-ci ildə Bakı Tacir və Gəmi Sahibləri Heyəti başda Hacı Zeynalabdin Tağıyev olmaqla, peşəkar kadrların yoxluğundan şikayət edərək yerli kadrların hazırlanması ideyasını irəli sürdülər.

Qafqaz Canişinliyinin 1872–1875-ci illərə aid hesabatlarında "Bakı ticarət əhli"nin (Бакинское купечество) dənizçilik sinfi üçün vəsait ayırmağa hazır olduğu barədə müraciətləri bu tarixin ən canlı sübutudur.

Beləliklə, Bakı dənizçilik sinfinin yaradılması fikri 1872-ci ildə gündəmə gəlsə də, bürokratiya və maliyyə məsələləri səbəbindən məktəbin açılması tam 9 il çəkib. "Kaspi" qəzetindəki məqalədə də məhz buna eyham vurulur: "Nəhayət ki, uzun müddətdir gözlənilən müəssisə açıldı."

Aşağıdakı arxiv sənədi isə həmin hadisə ilə bağlı çox mühüm bir məlumatı özündə ehtiva edir: Bakı dənizçilik sinfinin ilk rəhbərinin və onun köməkçisinin soyadadlarını.

 

 

 

Sənədin tərcüməsi ilə tanış olaq:

Bakı qubernatoru

Kanselyariya üzrə

7 noyabr 1881-ci il
№ 2392
Bakı şəhəri

Bakı şəhər başçısının vəzifəsini icra edənə

Bakı dənizçilik sinfinin rəisi və xüsusi dəniz elmləri üzrə baş müəllim vəzifəsinə 2-ci dərəcəli kapitan Flipovu təsdiq edirəm. Onun köməkçisi – coğrafiya və riyaziyyat fənlərinin tədrisi üçün isə Real məktəbinin tərbiyəçisi, Quberniya Katibi Dmitriyevi təyin edirəm."

Bu barədə 7 noyabr tarixli № 6637 saylı təqdimata əsasən Zati-alinizə məlumat vermək şərəfinə malikəm.

Qubernator vəzifəsini icra edən

Vitse-qubernator
Benislavski 

Qeyd: Həqiqi ştat müşaviri İ. A. Benislavski 11.04.1878 — 20.04.1893-cü illərdə Bakı quberniyasının vitse-qubernatoru olub.

Gördüyümüz kimi, sənədin üzərindəki tarix (7 noyabr 1881) məktəbin rəsmi açılış günü ilə üst-üstə düşür. Bu o deməkdir ki, həmin gün təkcə lent kəsilməyib, həm də rəhbərlik rəsmən təsdiqlənib.

Müəllim heyətinə diqqət edək:

Kapitan Filipov: 2-ci dərəcəli kapitan rütbəsi onun ciddi hərbi-dəniz təcrübəsinə malik olduğunu göstərir. Bu, dərslərin sadəcə "nəzəriyyə" deyil, real dəniz sınaqlarından keçmiş bir peşəkar tərəfindən idarə olunacağının təminatı idi.

Dmitriyev: Real məktəbindən gəlməsi o dövrün təhsil standartlarının nə qədər yüksək olduğunu sübut edir. Çünki Real məktəblər texniki və dəqiq elmlər üzrə ən güclü kadrları yetişdirirdi.

1881-ci il noyabrın 13-də isə “Kaspi” qəzeti söz verdiyi kimi, ictimaiyyəti Bakı dənizçilik sinfi ilə yaxından tanış etmək məqsədilə onun Əsasnaməsinin layihəsini çap edir.

13 bənddən ibarət Əsasnamədə yazılır ki, Bakı şəhər cəmiyyəti tərəfindən sahil üzgüçülüyü (kabotaj) şturmanlığı üçün dənizçilik biliklərini tədris etmək məqsədilə dənizçilik sinfi yaradılır və sinfin saxlanılması üçün şəhər hər il 760 rubl ayırır. Dövlət xəzinəsindən isə illik 1000 rubl yardım təyin edilir.

Qeyd olunur ki, tədris ocağına bütün təbəqələrdən və yaşlardan olan şəxslər qəbul edilə bilər. Lakin onlar oxumağı və yazmağı bildiklərini, gəmilərdə üzdüklərini sübut edən şəhadətnamə təqdim etməlidirlər.

Mətndə xüsusi diqqət çəkən məqam Bakı qubernatorunun vəsatəti ilə ilk beş il ərzində rus dilində oxumağı, yazmağı və hətta rusca danışmağı bilməyən şəxslərin də qəbuluna icazənin verilməsinə dair güzəştdir. Bu, Xəzərə yaxşı bələd olan yerli dənizçilərin işə cəlb edilməsində Rusiyanın maraqlı olduğunu təsdiqləyir.

Dərslərin keçirilməsi 15 noyabrdan 15 marta qədər nəzərdə tutulur. Bu zaman aralığının seçilməsi təsadüfi deyildi. Həmin vaxt Xəzərin şimal hissəsi (Həştərxan istiqaməti) naviqasiya üçün bağlı olurdu. Əgər dərslər yayda — naviqasiyanın ən qızğın vaxtında keçirilsəydi, dənizçilər işlərini qoyub dərsə gələ bilməzdilər. Qış ayları isə gəmiçilikdə "ölü mövsüm" sayıldığı üçün dənizçilər nəzəri biliklərini artırmaq üçün sərbəst vaxt tapırdılar. Bu ənənə Rusiyanın digər dənizçilik məktəblərində də mövcud idi və belə məktəblər qış naviqasiya məktəbləri adlandırdı.

Əsasnaməyə müvafiq olaraq sinfə rəhbərlik müəllimlərdən birinə tapşırılır və kursun yerləşdiyi binada ona mənzil verilir. Müəllimlərin vəzifə dərəcələri və pensiya hüquqları isə qəza müəllimlərininki ilə bərabər tutulur.

Tədris ocağına ümumi nəzarətin Bakı qubernatoruna və Qafqaz Canişinliyi Baş İdarəsinə məxsus olması da xüsusi olaraq vurğulanır.

Əsasnamə 1881-ci il noyabrın 13-də təsdiqlənir. 

 

                                                

 

O dövrdə Rusiya İmperiyasında dənizçilik sinifləri öz dərəcələrinə görə fərqlənirdi və dərslər mövcud Qaydalara müvafiq surətdə siniflərin dərəcəsindən asılı olaraq müəyyən proqramlar üzrə keçirilirdi:

1-ci dərəcəli dənizçilik sinifləri sahilyanı üzmə şturmanları (gəmi sürücüləri) hazırlayırdı. Onlardan ibtidai savad, riyaziyyat, həndəsə və sübutsuz müstəvi triqonometriyası, habelə qısa coğrafiya, naviqasiya bilikləri və dəniz praktikası tələb olunurdu.

2-ci dərəcəli dənizçilik sinifləri sahilyanı üzmə şkiperləri (kapitanları) ilə bərabər, həm də uzaq səfər şturmanları hazırlayırdı. Müdavimlər 1-ci dərəcəli dənizçilik siniflərinin tələbləri ilə bərabər, dəniz astronomiyasını,  naviqasiyaya və dəniz praktikasına dair əlavə məlumatları, habelə kargüzarlığı və mühasibat uçotunu da bilməli idilər (uzaq səfər şturmanları əlavə olaraq dəniz coğrafiyasından və bir xarici dildən də imtahan verirdilər).

3-cü dərəcəli dənizçilik sinifləri uzaq səfər şkiperləri hazırlayırdı və  müdavimlərdən sözügedən fənlərdən savayı, həm də gəmiqayırmanın əsaslarını, dəniz qanunvericiliyini, ingilis dilini və paroxod mexanikasını da bilmək tələb olunurdu.

Müdavimlər siniflərin dərəcəsinə görə müəyyən dənizçilik stajına malik olmalı idilər:

- 1-ci  dərəcə üçün – 16 ay;

-  2-ci  dərəcə üçün – 24 ay;

-  3-cü dərəcə üçün – 36 ay (bu müddətin ən azı 12 ayı şturman praktikası olmalı idi).

Bakıda açılan dənizçilik sinfi 1-ci dərəcəli idi. Noyabrda sinifdə əvvəlcə 8 nəfər olur, yanvarda isə onların sayı 25-ə çatır.

                         

 

Bir ildən sonra təhsil ocağının işi haqqında hesabat təqdim olunur.

 

 

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır