Beynəlxalq Dəniz Təşkilatının (IMO) Sadələşdirmə Komitəsi rəqəmsallaşdırma strategiyasını təsdiqləyib
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda keçirilən Sadələşdirmə Komitəsinin (FAL) 50-ci sessiyasında qlobal dəniz əməliyyatlarının rəqəmsal transformasiyasına dair mühüm qərarlar qəbul edilib. İclasda dəniz nəqliyyatında səmərəliliyi artırmaq, inzibati yükləri azaltmaq və təhlükəsizliyi gücləndirmək məqsədilə yeni Dəniz Rəqəmsallaşdırma Strategiyası təsdiqlənib.
“Seanews.az” xəbər verir ki, bu strategiya gəmi sertifikatlarının, sərnişin məlumatlarının və dənizçilərin sənədlərinin rəqəmsal mübadiləsini asanlaşdırmaqla yanaşı, naviqasiya təhlükəsizliyini və ekoloji göstəriciləri yaxşılaşdırmağı hədəfləyir.
Rəqəmsallaşma ilə bərabər, artan kibertəhdidlərin qarşısını almaq üçün Komitə tərəfindən "vahid dəniz pəncərəsi" sistemlərində icbari kibertəhlükəsizlik tədbirlərinin tətbiqi barədə FAL Konvensiyasına düzəlişlər bəyənilib. Eyni zamanda dəniz sektorunda sərhəd nəzarətini və əməliyyat çevikliyini artırmaq üçün sərnişin və heyət məlumatlarının (API və BRI) qabaqcadan təqdim edilməsi qaydaları müəyyən olunub.
2029-cu ildə qüvvəyə minməsi gözlənilən bu yeniliklərlə yanaşı, iclasda daxilolma və çıxış prosedurlarının asanlaşdırılması, dənizçilərin tibbi yardımla təminatı və qanunsuz sərnişin hallarının qarşısının alınmasına dair yeni rəhbər prinsiplər də qəbul edilib. Strategiya yekun təsdiq üçün 2027-ci ildə keçiriləcək IMO Assambleyasına təqdim olunacaq.


