ADDA tələbələri Türkiyədə təcrübə keçirlər
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) müxtəlif ixtisaslar üzrə təhsil alan 15-dən çox tələbə Türkiyədə fəaliyyət göstərən gəmiçilik şirkəti “GN Group Corporation”a məxsus gəmilərdə və gəmiqayırma müəssisələrində diplomqabağı istehsalat təcrübəsinə cəlb olunub. Bu, ADDA ilə şirkət arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində gerçəkləşib.
6 fevral 2026-cı il tarixində başlayan təcrübə proqramının may ayının sonunadək davam etməsi nəzərdə tutulub. Proqram çərçivəsində tələbələrin nəzəri biliklərinin real istehsalat mühiti ilə inteqrasiyası, peşəkar bacarıqlarının inkişafı və beynəlxalq gəmiçilik standartlarına uyğun praktiki vərdişlərinin formalaşdırılması həyata keçirilir.
Təcrübə müddətində tələbələr Qara, Mərmərə, Egey və Aralıq dənizlərinin akvatoriyalarında üzərək müxtəlif beynəlxalq limanlara səfərlər edir, gəmi idarəetməsi, naviqasiya təminatı, texniki istismar və gəmiqayırma prosesləri üzrə müasir texnologiyalarla tanış olmaq imkanı qazanırlar.
Təcrübə müddətində yüksək nəticələr göstərən tələbələr “GN Group Corporation” tərəfindən sertifikatlarla təltif olunublar.
ADDA ilə “GN Group Corporation” arasında qurulmuş əməkdaşlıq tələbələrin beynəlxalq əmək bazarına inteqrasiyasına, onların rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına və dənizçilik sahəsində insan kapitalının inkişafına mühüm töhfə verir.

