Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bu gün dənizçilərin peşə bayramıdır - AZƏRTAC

Hər il iyunun 25-nin dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunması bu peşəyə verilən dəyərin göstəricisidir. Artıq 10 ildir ki, Azərbaycanda da dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub.

AZƏRTAC Azərbaycanda gəmiçiliyin inkişafı sahəsinə və dənizçilərmizin xidmətinə nəzər salır.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar olunub. Dünyada ilk tanker – “Zərdüşt” də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb. Azərbaycan Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Ümummilli Lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi Azərbaycanda gəmiçiliyin inkişafında da mühüm işlər görüb. Belə ki, Ulu Öndər ölkə rəhbəri seçiləndən sonrakı elə ilk həftədə keçirilən Mərkəzi Komitənin büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edir.

Azərbaycan KP MK-nın 1969-cu il iyulun 22-nə təyin edilmiş büro iclasına Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyi, Bakı Dəniz Ticarət Limanının rəisi, gəmi təmiri zavodlarının baş mühəndisləri dəvət edir.

Heydər Əliyev iclasda xalq təsərrüfatı yüklərinin daşınmasında xüsusi önəm kəsb edən ahəngdarlığın bərpa edilməsi yollarını sahənin aparıcı mütəxəssisləri və sahəyə cavabdeh olan şəxslərlə birlikdə müzakirə edir.

İclasda gəmiçiliyin 1968-ci il üçün yükdaşımalar planını 98,4 və yüklərin limanda aşırılması planını (Bakı limanı 1992-ci ilədək Xəzər Dəniz Gəmiçiliyinin tərkibində fəaliyyət göstərib) 88,3 faiz yerinə yetirdiyi qeyd olunur və bundan sonra yükdaşımalar üzrə ümumi planın tam yerinə yetirilməməsinin səbəbləri araşdırılır. Əsas səbəblər kimi gəmilərin limanlarda səmərəsiz boşdayanmalara məruz qalması, yükgötürmə imkanlarından tam istifadə olunmaması göstərilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı–Türkmənbaşı gəmi-bərə keçidi işə salınır. Azərbaycan Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa–Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Daha sonra müstəqilliyimizin ilk illərində böyük neft layihələrinin, o cümlədən “Əsrin müqaviləsi”nin icrası, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin istifadəyə verilib. Ümummilli Liderin dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması, onların təhlükəsizliyinin təmini, yük daşımalarında rəqabətədavamlı, çevik bir sistemin yaradılması, dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir.

Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Bu fəaliyyətin tarixi çox zəngindir. Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır.

Bundan başqa dənizçilərimizin Böyük Vətən müharibəsində, xalqımızın milli azadlıq hərəkatında, qanlı 20 Yanvar hadisələrində, Qarabağ savaşında göstərdikləri şücaət də heç vaxt unudulmayıb. Bakı neftinin alman faşizmi üzərində Qələbənin təmin olunmasında əvəzsiz rolu heç kimə sirr deyil. Neftçilərimizin hasil etdikləri neft və neft məhsullarını dənizçilərimiz hətta düşmən təyyarələrinin bombardmanları altında belə fasiləsiz daşıyıblar.

20 Yanvar faciəsi günlərində sovet hərbçilərinin təcavüzünə etiraz əlaməti olaraq Bakı buxtasına toplaşan gəmilərimizin gülləbaran edilməsi də dənizçilərimizi zərrəcə qorxutmadı. Bakıda törədilən qırğının dünya ictimaiyyətinə çatdırılması və qətliama son qoyulması üçün ölümün gözünə dik baxdılar.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirməkdə davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır