• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

Filippin, ABŞ və Yaponiya birgə hərbi dəniz təlimləri keçirilir

Filippin, ABŞ və Yaponiyanın Hərbi Dəniz Qüvvələri Filippinin Palavan vilayəti yaxınlığında, mübahisəli Qərbi Filippin dənizində birgə hərbi təlimlərə başlayıb.

Təlimlərin bir həftə davam edəcəyi planlaşdırılıb.

Yaponiya ilk dəfə strateji müttəfiqləri olan Filippin və ABŞ-la birgə təlimlərdə iştirak edir.

“3 ölkədən olan dənizçilərin həm sahildə, həm də dənizdə iştirak edən donanmalara müxtəlif dəniz platformalarından və əməliyyat sahələrindən istifadə edərək kompleks dəniz təlimləri keçməsinə imkan yaratmaq üçün birlikdə fəaliyyət göstərəcək”, - deyə ABŞ Sakit Okean Donanmasınının yaydığı məlumatda qeyd olunub.

Təlimlərə dəniz sahəsinə dair məlumatlandırma, tibbi yardım, humanitar yardım və fəlakətlərin aradan qaldırılması, partlayıcı silah-sursatın məhv edilməsi, dalğıc-xilasetmə əməliyyatları, mühəndislik, aviasiya əməliyyatları daxildir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Montgomery” və “USS Germantown” gəmiləri, “USNS Millinocket” nəqliyyat gəmisi, “USNS Salvor” xilasetmə gəmisi, “USCG Stratton” və P-8A “Poseidon” təyyarələri təlimlərə cəlb olunub.

Filippin və ABŞ müntəzəm olaraq 1951-ci il Qarşılıqlı Müdafiə Sazişinə əsasən bağlanmış müqavilələr əsasında birgə hərbi təlimlər keçirirlər. 

Yaponiya kimi digər regional müttəfiqlər isə təlimlərdə ya müşahidəçi, ya da iştirakçı kimi çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır