Gəmi yüklərinin izlənilməsi üçün süni intellekt əsaslı çatbot yaradılıb
Cənubi Koreyanın gəmiçilik nəhəngi HMM, gəmi və yüklərin hərəkəti barədə məlumatlara çıxışı asanlaşdırmaq üçün generativ süni intellekt (AI) əsaslı çatbot sistemini istifadəyə verdiyini elan edib.
“Seanews.az” xəbər verir ki, bu rəqəmsal alət istifadəçilərin dənizçilik məlumatlarını təbii dildə ünsiyyət quraraq əldə etmələri üçündür. Belə ki xidmət sayəsində istifadəçilər xüsusi texniki terminologiyadan istifadə etmədən gəmi cədvəllərini və yük məlumatlarını yoxlaya bilərlər.
Çatbot həmçinin milli gömrük prosedurları, tənzimləyici tələblər və təhlükəli yüklərin daşınması qaydaları barədə məlumat verir. Sistem 17 dildə real vaxt rejimində tərcümə funksiyasına malikdir.
HMM bu yeniliyin məlumatlara dərhal çıxış təmin etməklə tərəfdaşların inzibati yükünü azaldacağını gözləyir. Şirkət rəqəmsal sistemi zamanla daha da təkmilləşdirmək üçün müştəri məlumatlarından və rəylərindən istifadə etməyi planlaşdırır.

