Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Azərbaycanın neft tarixində əvəzsiz rolu olan müqavilə - “Əsrin müqaviləsi”

Bu il Azərbaycanın neft sənayesi tarixində özünəməxsus yeri olan “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümüdür. “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 7 ölkənin 11 ən iri neft şirkəti ilə imzalanmış müqavilədir. “Əsrin müqaviləsi”nin ölkənin neft sənayesinin inkişafındakı əhəmiyyətini nəzərə alaraq istehsalatçı alim, geologiya-mineralogiya elmləri doktoru, professor Hümbət Vəliyevin məqaləsini təqdim edirik.

Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadiyyatını yenidən qurmaq üçün neft sənayesinə böyük həcmdə kapital cəlb etmək məqsədilə xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələrə qururdu. Azərbaycan məhz bunun üçün Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən ulu öndər Heydər Əliyev qurduğu yeni hökumətin qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri məhz neft və qaz strategiyasını daha mükəmməl həyata keçirmək idi. Ölkənin maliyyə vəsaitinin məhdudluğu, neft-qaz sənayesinin müasir dünya texnologiyalarından geri qalması xarici neft şirkətlərini bu sahəyə sərmayə qoyuluşuna cəlb etmək zərurətini yaratmışdı. Lakin xarici ölkələrin neft şirkətləri Azərbaycanın müstəqilliyinin daimi olmayacağından ehtiyat edir, onlar Azərbaycanın neft sənayesinə sərmayə qoymaqdan çəkinirdilər. Belə çətin və mürəkkəb vaxtda siyasi rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev respublikanın neft sənayesi ilə daha yaxından məşğul olmağa başladı. O vaxt “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsinin ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək - ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləməli, ya da xarici neft şirkətlərini respublikaya dəvət etmək lazım idi. Dövlət dünyanın lider neft ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və başqaları ilə birgə iş birliyi qurmaq yolunu seçdi. Çünki neft sənayesi böyük sərmayə qoyuluşu və müasir qazıma texnologiyası tələb edirdi. Belə imkanları olan ölkələr, xüsusilə də dənizdə bu riskə təklikdə getmək istəmirdi. Həmin dövrdə dünyanın inkişaf etmiş ölkələrinin neft şirkətlərinin diqqəti Azərbaycanda idi. Onlar Azərbaycanın neft ehtiyatlarının olduqca çox olduğunu bilir, ölkə ərazisində zəngin neft-qaz yataqlarının varlığından məlumatlı idilər. Azərbaycan neftinin keçmiş sovet ölkəsinin inkişafında müstəsna rolu olmuş, ancaq Azərbaycan xalqı neftdən çox az mənfəət götürmüşdü. Müstəqil dövlət kimi isə neft yataqlarından elmi əsaslarla, ağılla, qənaətlə istifadə edilməsə uğur qazanmaq mümkün olmazdı. Bəzi insanlar reallığı dərk etmədən, Azərbaycanın texnoloji imkanlarını bilmədən, xarici şirkətlərin neft sənayesinin inkişafına cəlb olunmasını düzgün saymırdılar. O vaxtadək Xəzərdə istifadə olunan texniki vasitələr yalnız dənizin dərinliyi 40 metrədək olan sahələrində işləməyə imkan verirdi. Onlar öz gücümüzə qısa bir mərhələdə böyük gəlir götürməyin mümkünlüyünü iddia edirdilər. Azərbaycan hökuməti həmin dövrdə çox düzgün qərar verərək neft sərvətindən kifayət qədər düzgün istifadə edilməsi üçün yeni mərhələdə xarici neft şirkətləri ilə əlaqə qurmaq, sazişlər bağlamaqla dövlətin həm iqtisadiyyatını, həm milli qüdrətini, həm də dövlətçiliyini möhkəmləndirmək qərarına gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyev yeni neft siyasətini həyata keçirmək məqsədilə 1994-cü ilin fevralında Böyük Britaniyaya səfər etdi. Bu səfər zamanı Azərbaycan və Böyük Britaniya arasında 8 hökumətlərarası müqavilə, o cümlədən də “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş imzalandı. Danışıqlarda, həmçinin Böyük Britaniyanın “British Petroleum” (BP) şirkətinə “Çıraq” və “Azəri” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda prioritet yer, o cümlədən də konsorsiumun qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Bundan əlavə, ulu öndər Heydər Əliyev İngilis-Norveç alyansı olan “British Petroleum”-“Statoil”un gələcəkdə “Şahdəniz” neft yatağının işlənməsi üzrə bağlanacaq müqavilədə xüsusi hüquqa malik olması məsələsinə də razılıq verdi. Ümummilli lider Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışıqlar rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında İstanbul və Hyustonda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti milli maraqlara tamamilə cavab verən müqavilə şərtləri hazırladı. Bu danışıqların nəticəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm Gülüstan sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (HPBS) imzalanması ilə ölkəmizin neft sənayesi tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, bütün xalqımızın güzəranının yaxşılaşmasında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Bu sazişdə 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Həmin müqaviləyə əsasən, Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. 1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi.

Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. Həmin dövrdə ABŞ Prezidenti Bil Klinton, Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Yaponiyanın Baş naziri, Norveçin, Belçikanın baş nazirləri, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Özbəkistan Prezidenti İslam Kərimov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Səudiyyə Ərəbistanın kralı və bir sıra başqa dövlətlərin başçıları Azərbaycanın dünyanın bir çox dövlətlərinin iştirak etdiyi neft şirkətlərinin birgə işlərini, “Əsrin müqaviləsi”ni yüksək qiymətləndirirdilər. “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizdə görülən işlər dünyaya bir daha sübut etdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda çox zəngin neft-qaz yataqları var və Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı əməkdaşlıq etmək olar. Bu saziş Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasına, ölkənin gələcək iqtisadi inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına zəmin yaratdı.

Saziş imzalandığı zaman 2024-cü ilə qədər 30 illik dövrü əhatə etməsi nəzərdə tutulmuşdu. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Bu qərarlarla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı və mənfəət neftindən Azərbaycana çatacaq payın 75 faiz səviyyəsində olması razılaşdırıldı. Neft yataqlarından gələn gəlirlər bundan sonra da, ən azı 30 il Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.

Yeni sazişə əsasən, BP layihənin operatoru olaraq qaldı. Növbəti illərdə “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Həmçinin SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak etdi, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırıldı və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faizə yüksəldi.

Bu müqavilənin imzalanmasına zəmin yaradan, elmi əsaslandırılmış tədqiqat işlərinin, elmi əsərlərin rolunu da çox yüksək qiymətləndirmək lazımdır. Neftçi alimlər, tədqiqatçılar uzun illər boyu apardıqları elmi işlərlə Cənubi Xəzər çökəkliyinin neftlilik-qazlılıq perspektivini çox düzgün qiymətləndiriblər. Alimlərimiz beynəlxalq elmi konfranslarda, simpozumlarda elmi çıxışlar edib, xarici jurnallarda Azərbaycanın neft potensialını əsaslandıran məqalələr, tezislər çap etdiriblər.

Cənubi Xəzər çökəkliyinin geodinamik-gərginlik şəraiti öyrənilib, çökmə örtüyün qalınlığının 25 kilometrdən çox olduğu və çökəklikdə 15 kilometrədək dərinlikdə termobarik şəraitin karbohidrogenlərin əmələ gəlməsi, miqrasiyası və neft-qaz yataqlarının formalaşması üçün çox əlverişli olduğu aparılmış elmi araşdırmalarla təsdiq edilib. Bu baxımdan əraziyə dair geoloji məlumatlar, palçıq vulkanların tullantı məhsulları, geofiziki və seysmoloji materiallar təhlil edilib, çökmə örtüyün struktur-tektonik quruluşu dəqiqləşdirilib, litoloji-petroqrafik-stratiqrafik əlamətləri araşdırılıb və neft-qaz yataqlarının formalaşmasında geodinamik-seysmik aktivliyin mühüm rolu olduğu faktiki materiallar əsasında göstərilərək elmi dəlillərlə əsaslandırılıb.

Dünyanın bir sıra regionlarında məsələn, Meksika körfəzində aparılan tədqiqatlarla müqayisə olunmaqla, Azərbaycanda “Bahar”, “Bulla dəniz”, “Şahdəniz”, “Ümid”, “Babək” və digər perspektiv strukturlarda dərin qatlarda çox böyük həcmdə karbohidrogen ehtiyatlarının mövcud olduğu və onun çıxarılmasının mümkünlüyü göstərilib. Biz alimlər, o dövrdə Cənubi Xəzər hövzəsində çökmə örtük qatının 6-15 kilometr intervalında da neft və qaz yataqlarının olması ehtimalının çox inandırıcı olduğunu, burada süxurların litoloji tərkibi, kollektor xüsusiyyətləri və struktur tektonik quruluşu, tektonik qırılmalarla mürəkkəbləşmiş laylı mühitin olması neft-qaz yataqlarının mövcudluğunu təsdiqləyən dəlillərlə çıxış edirdik. Bu regionda 2000 metr dərinlikdə temperaturun orta qradienti 3,7-2,3°C/100 metr, “Şahdəniz”-“Bahar” sahəsində 3000-4000 metrdə 1,2°C/100 metr və Türkmənistan sahillərinə kimi 5500-6000 metrdə 2,1°C/100 metr daxilində olması karbohidrogenlərin yataq yaratması ehtimalını təsdiqləyirdi. Bu, bir daha onu göstərir ki, 6000 metr kəsiliş üzrə temperatur 85-135°C arasında dəyişir və 15 kilometrədək intervalda temperatur 185-200°C-ni aşmır. Elmi-nəzəri cəhətdən əsaslandırılıb ki, karbohidrogenlər böyük dərinliklərdə 350-400°C və 200 MP təzyiq şəraitində yataqlar yarada bilər. Cənubi Xəzər hövzəsində kollektor süxurların xüsusiyyətləri 1000 metrdən 3000 metrədək 1,5 dəfə azalıb və dərinlik artdıqca azalma davam edib, 9000 metrdə məsaməlik 12-13 faiz olub ki, bu da karbohidrogenlərin miqrasiyası və toplanması üçün yetərlidir. Ərazidə mövcud olan geodinamik-gərginlik və seysmoaktivlik şəraiti də karbohidrogenlərin miqrasiyasında və yataqların yaranmasında əsas rol oynayıb. Cənubi Xəzər çökəkliyində geodinamik-gərginlik ocaqlarının və zəlzələ hiposentrlərin 5-25 kilometr dərinlik intervalında sürəkli-çatlı və fərqli geobarik şəraitli mühit yaratması karbohidrogenlərin miqrasiyasını sürətləndirir. Beləliklə, göstərilən amillər və elmi-nəzəri dəlillər Cənubi Xəzər çökəkliyində 6-15 kilometr dərinlikdə neft-qaz yataqlarının olması ehtimalını təsdiqləyir və axtarış-kəşfiyyat işlərinin nəticələrinin müsbət olacağına inam yaradırdı.

Azərbaycanın çox zəngin neft-qaz yataqlarının gələcəkdə də kəşf olunacağına inanan Prezident İlham Əliyev tərəfindən hazırda neft sənayesinin gələcək istiqamətlərini müəyyənləşdirən perspektiv tədbirlər həyata keçirilir, Xəzərin ehtiyatları nəzərə alınaraq təbii qazın Avropa bazarlarına çatdırılması üçün Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və gələcəkdə Bolqarıstanadək uzanacaq Cənub Qaz Dəhlizini reallaşması istiqamətində çox mühüm işlər görülür.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır