Yaponiya şirkətləri gəmiyə texniki xidmət üçün robot hazırlayıblar
Yaponiya şirkətləri “Mitsui O.S.K. Lines” (“MOL”), “Sumitomo Heavy Industries” (“SHI”) və “MOL Ship Management”-in (“MOLSHIP”) mühəndisləri tərəfindən birgə işlənib hazırlanmış gəmiyə texniki xidmət və yoxlama texnologiyası “ClassNK” təsnifat cəmiyyətindən təsdiq alıb.
“Seanews.az” xəbər verir ki, bu barədə layihənin təşəbbüskarı olan “MOL” gəmiçilik şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Innovation Endorsement” “ClassNK”-nin gəmiçilik və dənizçilik sahəsində davamlı inkişafı təşviq edən təşəbbüsləri dəstəkləmək üçün nəzərdə tutulmuş sertifikatlaşdırma proqramıdır.
Şirkətin şaquli polad konstruksiyalara qalxa bilən robotu “MOL” filiz daşıyıcısında sınaqdan keçirilib.
Qeyd olunur ki, robot obyektlərin səthlərinin yüksək keyfiyyətli fotoşəkillərini çəkmək və onların vəziyyətini yoxlamaq üçün əyri və qeyri-bərabər səthlər boyunca maneələri dəf edərək hərəkət edə və insanlar üçün təhlükəli olan hündürlüyə qalxa bilir. Robotu uzaqdan idarə edən operator polad lövhələrin qalınlığını 0,01 mm dəqiqliklə ölçəcək. Robotun yüksək hündürlükdə istifadəsi işçilərin həyatı üçün risklərin qarşısını almaqla yanaşı, xərcləri də azaldır. Robot qapalı - havasız məkanlarda da işləyir.