

Hamburq Limanında $1.3 milyardlıq irimiqyaslı modernizasiya layihəsinə start verilir
Hamburq limanı qarşıdakı onillikdə irimiqyaslı modernizasiya və genişləndirmə mərhələsinə qədəm qoyur.
"Seanews.az" xəbər verir ki, bu barədə Hamburq Liman İdarəsindən (HPA) bildirilib.
Layihəyə əsasən, 1,3 milyard ABŞ dolları dəyərindəki sərmayə liman infrastrukturunun yenidən qurulmasını, terminal sahələrinin genişləndirilməsini və gəmi hərəkətinin təhlükəsizliyinin artırılmasını nəzərdə tutur.
Layihə çərçivəsində Elba çayı boyunca limana giriş zonası təkmilləşdiriləcək, mövcud dönüş hövzəsi 480 metrdən 600 metrə qədər genişləndiriləcək.
HPA-nın məlumatına görə, bu infrastruktur yenilənməsi limandakı bütün yanaşma yerlərinə müsbət təsir göstərəcək, keçiricilik imkanlarını artıracaq və limanın beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək.
Bundan əlavə, layihə çərçivəsində yeni torpaq sahələrinin terminal əraziləri kimi inkişaf etdirilməsi planlaşdırılır. Genişlənmiş bu sahələr gələcəkdə avtomatlaşdırılmış və elektrikləşdirilmiş əməliyyatlara keçid üçün baza rolunu oynayacaq. Torpaq sahələri ictimai mülkiyyətdə saxlanılacaq və bazar şərtlərinə uyğun olaraq Eurogate şirkətinə icarəyə veriləcək.
HPA-nın planlarına əsasən, tikinti işləri 2030-cu illərin ortalarında tamamlanacaq.