“HMM” süni intellektə əsaslanan avtonom naviqasiya texnologiyasını donanmasında tətbiq edəcək
Cənubi Koreyanın aparıcı gəmiçilik şirkəti HMM süni intellektə (AI) əsaslanan avtonom naviqasiya həllərinin tətbiqi məqsədilə “Avikus” şirkəti ilə müqavilələr imzalayıb.
“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində “HD Korea Shipbuilding & Offshore Engineering” və “Avikus” ilə birgə tədqiqat və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumu da imzalanıb.
“HMM” ilkin mərhələdə avtonom naviqasiya texnologiyalarını 40 gəmidə tətbiq etməyi planlaşdırır. Texnologiyanın səmərəliliyi təsdiqləndiyi təqdirdə, bu həllərin mərhələli şəkildə bütün donanma üzrə genişləndirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi real əməliyyat məlumatlarından istifadə etməklə avtonom naviqasiya sistemlərinin effektivliyini artırmaq və şirkətin donanmasının rəqabət qabiliyyətini gücləndirməkdir.
İmzalanmış memorandum çərçivəsində tərəflər dəniz daşımalarında süni intellekt texnologiyalarının inkişafı istiqamətində birgə tədqiqatlar aparacaqlar. Həmçinin “HMM” donanmasında “Avikus” tərəfindən hazırlanmış “HiNAS Control” sistemi tətbiq ediləcək. Sözügedən sistem ətraf mühitin qavranılması və qərarvermə funksiyaları ilə yanaşı, gəmilərin idarə olunmasını da təmin edir.
HMM-in rəsmi nümayəndəsi bildirib ki, süni intellektə əsaslanan texnologiyalar rəqəmsal və ekoloji cəhətdən dayanıqlı gəmiçilik ekosistemində rəqabət üstünlüyünün əldə olunmasında əsas rol oynayır.
Öz növbəsində, “HD Hyundai”ın rəsmi nümayəndəsi avtonom naviqasiya texnologiyalarının gələcəkdə gəmiqayırma və gəmiçilik sənayesi üçün dönüş nöqtəsi olacağını vurğulayıb.
Avikus indiyədək 350-yə yaxın gəmini, o cümlədən 100-dən çox iri modernləşdirilmiş gəmini “HiNAS Control” sistemi ilə təchiz edib və bu sahədə aparıcı mövqeyə malikdir.

