XƏZƏR İNANCLARI
Xəzər dənizi təkcə dünyanın ən böyük qapalı su hövzəsi deyil, həm də minilliklər boyu müxtəlif sivilizasiyaların kəsişdiyi zəngin mədəni irs daşıyıcısıdır. Regiona məxsus təbiət hadisələri yerli əhalinin dünyagörüşündə dərin izlər qoyaraq, dənizi müqəddəs və sirli bir varlıq kimi xarakterizə edən geniş bir mifoloji sistemin yaranmasına rəvac verib.
Arxeoloji tapıntılar və yazılı mənbələr sübut edir ki, Xəzərsahili xalqların inancları təbiət qüvvələrinin harmoniyası ilə sıx bağlıdır. Xüsusilə su səthində alovlanmalar, qəfil səviyyə dəyişmələri və dəniz faunasının qeyri-adi nümayəndələri haqqındakı rəvayətlər regional folklorun ana xəttini təşkil edir.
"Run-şah" və ya Dəniz adamı
Xəzərlə bağlı ən qeyri-adi inanclardan biri dənizdə yaşayan insanabənzər məxluq haqqındadır. 2005-ci ildə İran mətbuatında "Run-şah" (Sahil şahı) adlı, gümüşü dərili, insan bədənli və üzgəcləri olan bir canlının görüldüyü barədə xəbərlər yayılmışdı. Qədim dənizçilər inanırdılar ki, bu məxluqun görünməsi ya böyük bir fırtınanın qopacağına, ya da balıq bolluğuna işarədir.
Pirallahı: "Allahın Piri"
Xəzərdəki Pirallahı adası qədim dövrlərdən müqəddəs sığınacaq və "energetik mərkəz" hesab olunub. Adın mənası ("Allahın piri/ocağı") bu inancın bir parçasıdır. İnsanlar bura şəfa tapmaq və dənizin bərəkəti üçün dua etməyə gələrmişlər.
"Odlu dəniz" və Atəşpərəstlik
Xəzərin dibindən çıxan təbii qazların su üzərində alovlanması qədim insanların dənizə müqəddəs bir varlıq kimi baxmasına səbəb olub. Xəzər, od və su kimi iki ziddiyyətli ünsürün bir məkanda qovuşduğu nadir yerlərdən sayılır. Bu fenomen Abşeronda mövcud olmuş atəşpərəstlik mədəniyyəti ilə sıx bağlıdır.

Xəzərin səviyyə dəyişməsi: "Dəniz nəfəs alır"
Elmi izahlardan kənar, xalq arasında Xəzərin səviyyəsinin vaxtaşırı qalxıb-enməsi onun "nəfəs alması" kimi yozulur. İnanca görə, dəniz "küsəndə" geri çəkilir, sevinəndə və ya qəzəblənəndə isə sahilləri ağuşuna alır.
Balıqçıların "yazılmamış qanunları"
Xəzər balıqçılarının dənizlə münasibətlərini tənzimləyən özünəməxsus qadağaları və ayinləri olub:
Dənizə hörmət: Dənizə zibil atmağın və ya sahilində pis sözlər danışmağın dənizi qəzəbləndirəcəyinə, nəticədə fırtına qopacağına inanılırdı.
Bərəkət ayini: Balıqçılar dənizin bərəkətinin kəsilməməsi üçün çox vaxt ilk tutulan balığı yenidən suya buraxardılar.
Dənizin sahibi: Qeyri-adi dərəcədə böyük balıqların "dənizin sahibi" (ruhlar aləmindən bir elçi) olduğuna və onları ovlamağın bədbəxtlik gətirəcəyinə dair inanclar geniş yayılmışdı.
Cümə günü qadağası: İnanc sisteminə uyğun olaraq, mühafizəkar balıqçılar uğursuzluqdan qaçmaq üçün cümə günləri dənizə çıxmaqdan çəkinərdilər.
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi

