

Dünyanın elektriklə işləyən ən böyük konteyner gəmisi müntəzəm səfərlərə başlayıb
Dünyanın elektriklə işləyən ən böyük konteyner gəmisi "Greenwater 01" Çinin Şanxay və Nankin şəhərləri arasında müntəzəm səfərlərə başlayıb.
“korabel.ru” xəbər verir ki, “China Ocean Shipping Group” (“COSCO”) tərəfindən layihələndirilən və inşa edilən gəmi tamamilə batareyalarla işləyir. “Greenwater 01” 100 dəniz mili məsafədə 3,9 min kq yanacağa qənaət etməklə karbon qazı emissiyasını 12,4 ton azaldır.
Gəminin sıfır emissiya, sıfır çirklənmə və sıfır səs-küylü ilk səfəri tarixi səfər adlandırılıb. Uzunluğu təxminən 120 metr, eni 24 metr olan gəmi maksimum 19 km/saat sürətlə hərəkət edə bilir. “Greenwater 01” gücü 50 min kilovat-saatdan çox olan əsas akkumulyator və zəruri hallarda əlavə batareyaların quraşdırılmasına imkan verən platforma ilə təchiz edilib.
“COSCO” səfərin dəniz sənayesində karbon tullantılarının azaldılması və davamlıq məqsədlərinə çatmaq üçün mühüm addım olduğunu bildirib.
“Seanews.az”