Külək gücü ilə işləyən gəmilər üçün yeni təhlükəsizlik standartları müəyyən edilib
Dəniz Texnologiyaları Forumu (MTF) külək enerjisindən istifadə edən müasir dəniz nəqliyyatı vasitələri (WAPS - Wind-Assisted Propulsion Systems) üçün yeni təhlükəsizlik rəhbərliyini dərc edib. Bu hesabat, rotorlu yelkənlər, sorma yelkənlər və qanad formalı yelkən sistemləri ilə təchiz edilmiş gəmilərin idarə olunmasında yaranan boşluqları doldurmaq məqsədi daşıyır.
“Seanews.az” xəbər verir ki, MTF-in yeni təlimatı bu innovativ sistemlərin gəminin Təhlükəsizliyi İdarəetmə Sisteminə (SMS) necə inteqrasiya olunması üçün strukturlaşdırılmış yanaşma təklif edir. Hesabatda bu texnologiyaya xas olan əməliyyat, texniki və təşkilati risklər ətraflı təhlil olunur.
Mütəxəssislər ilk növbədə külək qurğularının gəminin manevr qabiliyyətinə və naviqasiya körpücüyündən görünüş bucağına göstərdiyi təsirləri diqqətdə saxlamağı tövsiyə edirlər. Bununla yanaşı, qəza və ya gözlənilməz hava şəraitində sistemin fövqəladə idarə olunması qaydaları, habelə yelkən sistemlərinin mütəmadi yoxlanılması və spesifik nasazlıqların rəsmi hesabat şablonlarına daxil edilməsi vacib şərt kimi irəli sürülür.
Forum gəmiçilik şirkətlərinə müraciət edərək, heyətin bu sistemlərin funksionallığı və limitləri barədə xüsusi təlim keçmələrini tövsiyə edir.
Beynəlxalq Təhlükəsiz İdarəetmə Məcəlləsi (ISM Code) üzrə təcrübəli flag dövlətləri və təsnifat cəmiyyətləri tərəfindən hazırlanan bu hesabat həm yeni inşa edilən, həm də sonradan təchiz olunan gəmilər üçün praktiki məsləhətlər toplusudur. Bu təlimat dənizçilikdə "yaşıl texnologiyalara" keçid planlaşdıran bütün operatorlar üçün mühüm yol xəritəsi hesab olunur.

