Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Gənc yazar Dansu Qacarinin dənizçilərə həsr etdiyi şeirlər

Görən gündən aşiqəm, ucaboy Dənizçiyə,

Bu qədər adam varkən, seçdim onu mən niyə?

Ülvi eşqi tapandan ağlımı itirmişəm,

Gəmiyə kəmənd atıb ömrümə gətirmişəm.

Yarıma həmdəm olub qəlbimə toxuyaram,

Ona şeirlər yazıb, mahnılar oxuyaram,

Hər dərdinə dözərəm, həsrətin mən çəkərəm,

Getdiyi dənizlərə baxıb yolun gözlərəm.

O mənim dənizimin sahibi - Dənizçimdir,

Sirdaşı olan gəmi şeir dolu içimdir...

 

***

 

Dəniz ağuşuna alırmı səni?

Hərdən də yadına salırmı məni?

Dalğalar çırpanda sərt qayalara,

Ürkərək qaçarsan, de haralara?

Yağışlar yağanda aynada başın

Tökülürmü gözdən inci göz yaşın?

Sınırmı yelkənin qopanda tufan?

Təsəllim gəlirmi ağlına o an?

Qasırğa zamanı batanda gəmin

Dualarım sənlə, Dənizçim mənim...

 

***

 Görməsin, sevməsin dənizlər səni!

 Dənizlər almasın səni, Dənizçim!

 Daim xatırladır bu izlər səni,

 Dənizlər almasın səni, Dənizçim!

"Sənə gələcəm mən" oldu son sözün,

İndi neçə günü mən necə dözüm?..

Hər şeyim səndədir, bir heçəm özüm,

Dənizlər almasın səni, Dənizçim!

Unutma uzaqda bir sevdiyin var,

Şeirlə ovunub özlədiyim yar,

Sonsuz sədaqətlə gözlədiyim yar,

Dənizlər almasın səni, Dənizçim!

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır