Gəmiqayırmada səssizlik: gecikmiş düzəlişlər xərcləri ikiqat artırır
Gəmi sahibi və operatoru üçün səssiz gəmi yalnız komfort deyil, bu həm də heyətin işdə qalma müddəti, təhlükəsizlik və avadanlıqların uzunömürlülüyü deməkdir. Lakin bir çox gəmi sahibi səs və vibrasiya (N&V) məsələsini gəmi təhvil veriləndə, yəni artıq gec olanda xatırlayır.
“Seanews.az” xəbər verir ki, "Noise Control Engineering"in prezidenti Cessi Spens və sahə ekspertləri Bob Lennon və Metyu Kumbsun iştirakı ilə keçirilən müzakirədə gəmiqayırmada "səssizlik" strategiyasının əsas prinsipləri açıqlanıb. Bildirilib ki, müasir gəmiqayırmada səs və vibrasiya (N&V) problemlərinin həlli artıq dizaynın ilk mərhələsindən texniki tapşırığa (specification) daxil edilməlidir.
Ekspertlərin rəyinə görə, gəmi hazır olduqdan sonra edilən səs izolyasiyası layihə dəyərini ikirəqəmli faizlərlə artırır, halbuki ilkin mərhələdə bu xərc cəmi 1-3% təşkil edir. Səssiz gəmi dizaynı heyətin rahatlığı ilə yanaşı, mühərrik, sürət qutusu və podşipniklərin vibrasiyadan qorunaraq istismar müddətinin uzadılması üçün vacibdir.
Tərsanələrin dəqiq qiymət təklifi verməsi üçün gəmi sahibləri sadəcə "səssiz gəmi" tələbi ilə kifayətlənməməli, konkret desibel hədəflərini və lazım olan izolyasiya avadanlıqlarının siyahısını öncədən müəyyən etməlidirlər. "M/V Island Home" bərəsi kimi uğurlu nümunələr göstərir ki, düzgün hesablanmış elastik bəndlər və muftalar sayəsində gəminin hərəkətini sərnişinlər üçün tam hiss olunmaz etmək mümkündür.

