Gəmi utilizasiyası üzrə dünya lideri Aİ-nin icazəsini ala bilmir
Beynəlxalq Təsnifat Cəmiyyətləri (IACS) tərəfindən Honq-Konq Konvensiyasına uyğunluq sertifikatı verilmiş 110 Hindistan tərsanəsinin heç biri Avropa İttifaqının (Aİ) Gəmi Utilizasiyası Reqlamenti (EU SRR) siyahısına düşə bilməyib.
“Seanews.az” xəbər verir ki, Dubay mərkəzli GMS şirkəti rəsmi Brüsseli bu "siyasi maneəni" aradan qaldırmağa çağırıb.
Hindistan gəmi utilizasiyası üzrə dünya lideridir. Ölkə tərsanələri indiyədək 35 rəsmi müraciət edib və Aİ tərəfindən ən azı 10 təftiş keçirilib. Lakin 10 ildən artıqdır ki, bir dənə də olsun müəssisəyə icazə verilməyib.
Aİ-nin ən böyük etirazı Hindistanda gəmilərin sökülmə üsulunadır. Hindistan (xüsusilə Alanq) gəmiləri qum sahilinə sürüb orada sökür. Aİ isə tələb edir ki, söküntü gəmidən sızan yağ və zərərli maddələrin birbaşa dənizə və ya torpağa qarışmaması üçün tam beton örtüklü ərazilərdə aparılmalıdır. Həmçinin gəmilərdəki asbest, qurğuşun və digər təhlükəli maddələrin Hindistan daxilində son mənzilə (utilizasiya poliqonlarına) necə daşınması və harada basdırılması məsələsində Aİ-nin şəffaflıqla bağlı şübhələri var.
Bir çox analitik isə hesab edir ki, Aİ öz daxilindəki (Türkiyə, Norveç, İtaliya və s.) azsaylı tərsanələri qorumaq üçün rəqabəti məhdudlaşdırır. Hindistan tərsanələri sökülən poladı baha satdığı üçün gəmi sahibinə daha çox pul ödəyə bilir, bu da Avropa tərsanələrini rəqabətdə zəif salır.
GMS-in təhlilinə görə, Avropa tərsanələrində gəmi poladı əridilir və böyük enerji sərfiyyatı ilə Asiyaya metal qırıntısı kimi ixrac olunur. Hindistanın Alanq bölgəsində isə gəmi gövdəsinin 75%-i birbaşa yenidən yayma (re-rolling) üsulu ilə emal edilir. Bu, yeni polad istehsalı ilə müqayisədə karbon emissiyasını 58% azaldır. Hindistan tərsanələri gəmi materiallarının 98%-dən çoxunu geri qazana bilir.
BIMCO-nun hesablamalarına görə, 2032-ci ilə qədər 15,000 gəmi sökülməlidir. Müqayisə üçün qeyd edək ki, dünyanın ən böyük utilizasiya mərkəzi olan Hindistan son 40 ildə cəmi 8,500 gəmi sökə bilib. Mütəxəssislər hesab edirlər ki, Aİ-nin məhdudiyyətləri qlobal utilizasiya gücünü iflic edə bilər.

