Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bu Vətən müharibəsində, bu haqq, ədalət savaşında biz tək deyilik: Allah da bizimlədir

“Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib”. Bu, bir həmkarımın sözüdür və Qarabağla bağlı dərd-sərimizi o qədər səlis ifadə edib ki!

Hər cür diqqət və qayğı görsələr də keçən əsrin səksəninci-doxsanıncı illərindən doğma yurd-yuvalarından didərgin düşənlər müvəqqəti məskunlaşdıqları yerlərə daimi bağlanmaq istəmədilər. Yurd sevgisi qoymadı. Gözlərini gəldikləri yoldan çəkmədilər, çəkə bilmədilər. Əvəzində o cənnət məkandan uzaqda doğulan bizləri bu illərdə həm də Qarabağlılı edə bildilər. Onlar kimi, Qarabağsız bizim də gözümüzə yuxu getmədi...

Torpaqlarımızın 20 faizinin işğal altında olduğu ötən 30 ildə nələr çəkmədik? Münaqişənin həlli üçün siyasi danışıqların, diplomatik görüşlərin heç bir xeyri olmadı. Beynəlxalq təşkilatlar təcavüzkarı adı ilə çağırmadıqları üçün ermənilər bu 30 ildə Qarabağı taladılar, viran qoydular, altını üstünə çevirdilər. O qədər harınladılar, o qədər qudurdular ki, yeni ərazilər işğal etmək həvəsinə düşdülər və dəfələrlə buna cəhd etdilər. Azərbaycan xalqının səbrinin tükəndiyini də nəzərə almadılar. Bu il sentyabrın 27-də növbəti təxribata əl atdılar...

Azərbaycan Ordusunun möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatı ilə artıq işğal altındakı bir çox kənd və şəhərlərimiz azad olunub. Azərbaycan Ordusu illərdir beynəlxalq təşkilatların bərpa edə bilmədiyi ədaləti səngərdə bərpa edir. Şanlı Ordumuz işğaldan azad etdiyi hər bir kəndimiz, hər bir şəhərimizlə birgə tapdalanan qürurumuzu da bizə qaytarır.

 Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında olduğunu döyüş meydanında təsdiqləyir. Ermənilərin 1988-1993-cü illərdə himayədarlarının köməyi və yaxından iştirakı ilə işğal etdikləri və ötən müddətdə güclü müdafiə istehkamları yaratdıqları ərazilərin mühüm hissəsinin qısa zamanda azad olunması rəşadətli Azərbaycan Ordusunun qüdrəti və müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdə məharəti haqqında çox şey deyir.

İşğalçı Ermənistan ordusunun gücü isə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətməyə çatır. Respublikamızın cəbhədən kənardakı yaşayış məntəqələrinə müntəzəm zərbələr endirir. Gəncəni, Bərdəni, Mingəçeviri, Beyləqanı, Tərtəri və bir sıra digər yaşayış məntəqələrimizi hətta qadağan olunan silahlarla, reaktiv raketlərlə atəşə tuturlar. Bu hücumlar zamanı daha çox uşaqların və qadınların həlak olması isə əhali arasında vahiməni deyil, ermənilərə qarşı nifrəti artırır. İşğalçı Ermənistanın ideologiyasında məqsədə çatmaq üçün terror da daxil olmaqla bütün çirkin vasitələrin məqbul sayıldığını bütün dünya bilsə və görsə də, özlərini görməməzliyə vururlar. Hələ ki, söz və güc sahibi olan ölkələrdən səsini çıxaran kimsə yox.

Amma bu Vətən müharibəsində, bu haqq, ədalət savaşında biz tək deyilik:Allah da bizimlədir. Haqq və ədalət müzəffər Ordumuzun şanlı mübarizəsində əsgər və zabitlərimizə əlavə güc verir. Bizə əzəli torpaqlarımızda yenidən Azərbaycan bayrağının dalğalandığını görmək səadətini bəxş edən Prezidentimizə, Ali Baş Komandanımıza sonsuz minnətdarıq. Bizə zəfər coşqusu yaşadan qüdrətli Ordumuzun mübariz, cəsur, qəhrəman əsgər və zabitlərinin önündə ehtiramla baş əyirik.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində də Böyük Qələbə gününü səbirsizliklə gözləyirlər. Təkcə gözləmirlər. Hər kəs qazanılacaq Qələbəyə pay verməyə çalışır. ASCO-dan könüllü cəbhəyə gedənlər ön cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin digər igidləri ilə birgə düşmənə qan uddurur, qalanları isə arxa cəbhədə Qələbə üçün əllərindən gələn edirlər.

Torpaqlarından didərgin düşmüş soydaşlarımız öz el-obalarına qayıdış ərəfəsindədirlər. Bu gün hər bir füzulilinin, cəbrayıllının, zəngilanlının, qubadlılının... sevincini başa düşürəm. Nə qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunsalar da, yurd həsrəti hər zaman onların içini göynədib. Şəxsən mən əzəli torpaqlarından didərgin salınanlardan kiminsə iki gözünün ikisinin də eyni vaxtda güldüyünü görmədim. Bu, bir daha sübut edir ki, ata-baba yurdundan zorla çıxarılmaqdan böyük dərd yoxdur.

Təkcə Qarabağda doğulub böyüyənlər, onların nəvə-nəticələri deyil, o müqəddəs torpaqlarımızda olmayanlar da işğaldan azad edilən yurd yerlərini ziyarət etmək istəyirlər. Əldə edilən zəfərlər, dövlət-ordu-xalq birliyi insanlara ruh yüksəkliyi bəxş edir, bizi Böyük Qələbəyə daha da yaxınlaşdırır. O günün isə uzaqda olmadığına o qədər inanırıq ki, artıq çoxları Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə... ilkin görəcəyi işlərlə bağlı planlar qurur.

Yeri gəlmişkən, Böyük Qələbədən sonra məni də Bakıda çox axtarmayasınız. Uğrunda canımdan keçməyə hazır olduğum və birinci Qarabağ müharibəsində canımın yarısını qoyduğum o torpaqları qarış-qarış gəzmək, ziyarət etmək istəyirəm...

Rasif TAHİROV - "Dəniz" qəzetinin Baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır