• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

Dənizdə üzəndə də, sahildə işləyəndə də adı həmişə hörmətlə çəkilib

Mirzəağa Çəfər oğlu Xəlilov 1929-cu il sentyabrın 10-da Bakının Mərdəkan kəndində qulluqçu ailəsində dünyaya gəlib.

1946-cı ildə yeddinci sinfi bitirərək Bakı Dəniz Yolları Məktəbinə daxil olub və 1950-ci ildə bu təhsil ocağını “2-ci dərəcəli gəmi mexaniki” diplomu ilə bitirib. Bundan sonra gənc Mirzəağa kiçik mexanik vəzifəsində “Xəzərdonanma”da əmək fəaliyyətinə başlayıb. Səfərdən-səfərə  püxtələşib, bacarığı, əməksevərliyi və məsuliyyəti ilə seçilib. 1954-cü ilin may ayından 1958-ci ilin aprelinədək müxtəlif gəmilərin maşın komandasına başçılıq edib. Peşəsinin sirlərinə dərindən bələd olan Mirzəağa Xəlilov çiyninə düşən vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlib. Lakin sonradan ailə vəziyyətinə görə,  müvəqqəti sahil işinə keçib.   “Paris Kommunası” adına Gəmi Təmiri Zavodunun Mexaniki sexində Texniki nəzarət şöbəsinin (OTK) ustası  olanda da,  1959-cu ilin mayından 1960-cı ilin iyununadək zavodun Texniki şöbəsində böyük mühəndis-texnoloq işləyəndə də adı hörmətlə çəkilib. 

1960-cı ilin iyunundan Mirzəağa Xəlilov yenidən üzücü heyətə qayıdaraq Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində fəaliyyətini davam etdirib. Dərin biliyə və zəngin iş təcrübəsinə malik olan böyük mexaniki iki il sonra uzaq səfərlərə çıxan gəmilərdə işləməyə göndəriblər.

Peşəsinin mahir ustası olan Mirzəağa Xəlilov 1970-ci ildə “Rəşadətli əməyə görə” medalına, 1981-ci ildə “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb. 1983-cü ildə böyük mexanik kimi  “20 il qəzasız işə görə” döş nişanı ilə təltif edilib, 1985-ci ildən etibarən “Əmək veteranı” olub. 

Mirzəağa Xəlilov 1987-ci il iyunun  24-də 58 yaşında haqq dünyasına qovuşub.

ASCO-nun İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Sevda ABDULLAYEVA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır