Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Ümummilli lider Heydər Əliyev Xəzər Dəniz Gəmiçiliyini necə qorudu?

Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə  siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə yeni istehsal müəssisələri yaradılmağa başlanıldı. Təbii ki, bu yanaşma Xəzər Dəniz Gəmiçiliyindən də yan keçməmişdi. Dəniz nəqliyyatı istiqamətində ciddi kapital qoyuluşu, Xəzər dəniz gəmiçiliyi donammasındakı gəmilərin sayının artırılmasına, maddi-texniki bazaların gücləndirilməsinə və dənizçilərin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdu.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işə başladıqdan sonra o vaxtadək Azərbaycan üçün nəzərdə tutulmuş və dondurulmuş bir çox layihələrin Moskvada əngəllənməsinin qarşısını aldı. Xəzər Dəniz Gəmiçiliyinin inkişafı istiqamətində müstəsna addımlar atmağa nail oldu. 1984-1986-cı illərdə Yuqoslaviyada tikilən 8 gəmi-bərə də daxil olmaqla, 196 gəmi Xəzər Dəniz Gəmiçiliyinin donanmasının balansına daxil edildi. Onlardan 115-i keçmiş SSRİ zavodlarında, 81-i isə uzaq xarici ölkələrdə inşa olunmuşdu.

Bütün bu sənayeləşmə siyasəti milli kadrların irəli çəkilməsi ilə müşayiət edilirdi. 1965-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Mahmud Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin dəniz nəqliyyatının inkişafına kömək göstərməsi bəhanəsi ilə vəzifəsindən uzaqlaşdırılmışdı. SSRİ Dəniz Donanması Nazirliyinin təşəbbüsü ilə Nikolay Muxin Xəzər Dəniz Gəmiçiliyinə növbəti dəfə rəis təyin edilmişdi. Heydər Əliyev bu yerdəyişmənin səbəbini yaxşı bilirdi. Məhz onun dəstəyi ilə milli kadr kimi Cabbar Əzim oğlu Həşimov Xəzər Dəniz Gəmiçiliyinə rəhbər gətirilir. Növbəti mərhələlərdə tam aydın olur ki, Heydər Əliyev Cabbar Həşimovu irəli çəkməkdə heç də yanılmayıb.

Xəzər Dəniz Gəmiçiliyinin həm Həştərxanda, həm Krasnovodskda (indiki Türkmənbaşı limanı), həm Aktauda, həm Mahaçqalada limanlar, təmir və istehsal müəssisələri mövcud idi. Xəzər Dəniz Gəmiçiliyi ittifaq əhəmiyyətli bir təşkilat olaraq, dövlət büdcəsinə əhəmiyyətli dərəcədə valyuta gətirən rentabelli müəssisə kimi 1984-cü ildə sovet dövlətinin yüksək mükafatlarından sayılan “Oktyabr inqilabı” ordeni ilə təltif olunur.

Belə bir məqamda Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan gəmiçilik idarəsini Bakıdan ayırmaq niyyətinə düşürlər. Bunun arxasında çox ciddi məqamlar var idi. Xəzər Dəniz Gəmiçiliyinə tabe olan Həştərxan gəmiçilik idarəsinin rəhbərliyi Həştərxan partiya komitəsinin nümayəndələri tərəfindən təqdim olunurdu və onların kadrları hesab edilirdi. Bu da istər-istəməz kadr siyasəti baxımından ikili hakimiyyətə gətirib çıxarmışdı. Həştərxan partiya komitəsinin rəhbərliyi həmin problemi öz məqsədlərinə uyğun həll etməyə çalışırdı və Xəzər Dəniz Gəmiçiliyi donanmasının əsasında müstəqil Həştərxan gəmiçilik idarəsi yaratmaq istəyirdilər. Bundan sonra hadisələr sanki bir az da detektiv janrında olduğu kimi baş verməyə başlayır.

Rus dilində çıxan “Su nəqliyyatı” qəzetinə Xəzər Dəniz Gəmiçiliyi Həştərxan İdarəsinin losmanlarının adından şikayət məktubu yazılır və bu məktub qəzetdə dərc olunur. Məktubda Xəzər Dəniz Gəmiçiliyi tərəfindən Həştərxan İdarəsinə qarşı ayrı-seçkilik nümayiş etdirilməsindən, onların sifarişlərinin yerinə yetirilməməsindən və digər məsələlərdən şikayətlənirdilər. Yazını təşkil edən Həştərxan partiya komitəsi bu təbliğatla ayrılmanın zəminini hazırlamaq istəyirdi.

Həştərxan İdarəsinin losmanlarının “Su nəqliyyatı” qəzetinə şikayəti ilə bağlı SSRİ Dəniz Donanması Nazirliyinin Baş Donanma idarəsinin rəisi V.S.Zbaraşenkonun teleqraf sorğusuna cavab olaraq Həştərxan İdarəsinin rəisi vəzifəsini icra edən V.İ.Mezençev yazırdı:

1. Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan idarəsində hazırda ixtisaslaşdırılmış losman gəmisi yoxdur. 21 aprel 1975-ci il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, Dəniz Donanması Nazirliyinin əmri ilə “Vano Sturua” zavodunda Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan İdarəsinin sifarişi ilə 1535 layihə saylı losman gəmisi tikilir, zavodun proqramına görə, 01.01.1986-cı il üçün gəminin hazırlığı 29,3% (772 min rubl) təşkil edəcəkdir.

2 . “Su nəqliyyatı” qəzetində çap edilən şikayətlə bağlı bütün qeydlər əsaslıdır.

Bununla belə, lazımı düzəliş tədbirləri görülür.

Prosesə bu dəfə Həştərxan partiya funksionerləri qoşulur və Mərkəzi Komitəyə müraciət edirlər. Müraciətdə Həştərxan Gəmiçiliyinin yaranması məsələsi qaldırılır.

Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Cabbar Həşimov əks-hücuma keçir.

Cabbar Həşimov çox gözəl bilirdi ki, müəyyən məqamda Həştərxan məsələsi ilə əlaqəli sözügedən problem SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevin masasının üzərinə gələcək. Cabbar Həşimov Heydər Əliyevin bu tipli məsələlərdə prinsipiallığını gözəl bildiyinə və sona qədər Azərbaycanın mövqeyindən çıxış edəcəyindən əmin olduğuna görə 15 avqust 1985-ci il tarixində SSRİ Dəniz Donanması Naziri T.B.Qujenkoya ünvanladığı 238/1 saylı məktubunda yazırdı:

1984-1985-ci illərdə Həştərxan İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.

Təəssüf ki, Xəzər Dəniz Gəmiçiliyi Həştərxan Gəmiçilik idarəsinin rəhbər heyətinin və "Oktyabr inqilabının 10 illiyi" adına zavodun işində köklü dəyişikliyə nail ola bilmirik. Bu, Həştərxan Gəmiçilik idarəsinin, "Oktyabr inqilabının 10 illiyi" adına zavodun və "Bautino" limanının rəhbər heyətinin ikiqat tabeliyində olduğu üçün strukturun qüsuru ilə əlaqədardır. Bu da bir çox məsələlərin həllində səmərəliliyin itirilməsinə, məsuliyyətin azalmasına və s. gətirib çıxardır.

Digər tərəfdən, Həştərxan idarəsinin və "Oktyabr inqilabının 10 illiyi" adına zavodun rəhbərləri yaxşı kadrları saxlamaq, müəssisələrin inkişafını sürətləndirmək, sosial-maddi həvəsləndirmələri artırmaq üçün məqsədyönlü tədbirlər görmək əvəzinə, vaxtlarının əhəmiyyətli hissəsini nəqliyyat donanması, birləşmə, ayrılma, müstəqillik məsələlərinə sərf edirlər. Həştərxan vilayətində kəskin kadr çatışmazlığı var və Xəzər Dəniz Gəmiçiliyi bu məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib.

Xəzər Dəniz Gəmiçiliyi Həştərxan İdarəsinin, "Bautino" limanının, zavodların, daşımaçılığın idarə edilməsini və təkmilləşdirilməsini, iş prosesinin intensivləşdirilməsini, gəmi təmirinin, gəmiqayırma işlərinin həcminin artırılmasını təmin etmək üçün aşağıdakı tədbirləri həyata keçirməyi vacib bilir:

1. Həştərxan İdarəsinin nəqliyyat gəmiləri əsasında yeni qurum yaransın və bilavasitə Xəzər Dəniz Gəmiçiliyinin İstismar İdarəsinə tabe edilsin.

2. "Oktyabr inqilabının 10 illiyi" adına Həştərxan gəmiqayırma zavodu “Xəzərdənizgəmitəmir” İstehsalat Birliyinə verilsin.

3. "Bautino" limanı və “Kaspreydmorput” idarəsi Bakı, Krasnovodsk, Mahaçqala, Aktau, Bekdaş limanları kimi, birbaşa Xəzər Dəniz Gəmiçiliyinin “Xəzərdənizyol” idarəsinə tabe edilsin.

4. Həştərxan idarəsi Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Agentliyinə çevrilsin.

5. Ona aşağıdakı səlahiyyətlər verilsin:

- Həştərxandakı obyektlərin İstehsal və qeyri-istehsal tikintisi üçün sifarişçi kimi çıxış etmək

- Mənzil-kommunal xidmətlərinin  normal fəaliyyətini təmin etmək

- Donanma və sahil bölmələri üçün kadrların seçilməsi.

- Yardımçı kənd təsərrüfatının təşkili və inkişafı.

-  Həştərxan Dəniz Agentliyinə tabe edilə bilər:

1. Hesablama mərkəzi.

2. Təmir-tikinti şöbəsi.

3. Mənzil-kommunal idarəsi.

4. Köməkçi kənd təsərrüfatı.

5. Nəqliyyat donanması.

6. Mühafizə xidməti.

Bu məsələ müsbət həll olunarsa, gəmiçilik yeni strukturu və Həştərxan Dəniz Agentliyinin aparatının  işçi ştatının hesabını təqdim edəcək.

Yazışmaların son mərhələsi olaraq məsələnin həlli ilə bağlı SSRİ Dəniz Donanması naziri T.B.Qujenkov SSRİ Nazirlər Sovetinin ünvanına müraciət göndərir. O dövrdə bütün SSRİ Nazirlər Sovetində nəqliyyat sahəsinə Heydər Əliyev nəzarət etdiyinə görə məktub onun iş masasının üzərinə gəlir. Ümummilli lider Heydər Əliyevin mövqeyi bu cür olur ki, müstəqil Həştərxan Gəmiçiliyi yaradırsınızsa, niyə görə bu, Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərin hesabına olmalıdır. Özü də o gəmilər ki, onların böyük əksəriyyəti tanker, quru yük daşıyıcılarıdır və Volqa-Don kanalı ilə dünya dənizinə çıxan gəmilərdir.Yaradın, amma  Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərin hesabına yox!

Beləliklə də, dahi lider bu dağıdıcı planın yerindəcə qarşısını alır!

 

Adıgözəl Məmmədov

Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır