Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

"Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri" silsiləsindən növbəti ARAŞDIRMA - Frans Boquş

Milliyyətcə polyak olan Frans Stepanoviş Boquş 1884-cü il oktyabrın 25-də  Qrodnenski quberniyasının 3-cü dərəcəli ştatdankənar Novıy Dvor şəhərində dünyaya göz açıb.

Ailəsi haqqında məlumat, təəssüf ki, yoxdur. Bəlli olan yalnız budur ki, Frans beş yaşında olarkən atası rəhmətə gedib və ailə bundan sonra daimi yaşamaq üçün liman şəhərinə – Odessaya köçüb.

Frans 9 yaşında ikən burada xalq məktəbinə oxumağa gedib. Bu təhsil ocağını bitirdikdən sonra peşə məktəbinə daxil olub. Qabiliyyətinə və oxuyub-öyrənmək həvəsinin olmasına baxmayaraq, ailənin çətin maddi durumu ona ali təhsil almağa imkan verməyib. Bununla belə, Frans öz  dərrakə və bacarığı, fərasəti və başlıcası, zəhmətsevərliyi ilə ali təhsilli mütəxəssislərdən geri qalmayıb, özü öz təhsili ilə məşğul olub.  

Dənizi hədsiz sevən və dənizdə işləməyə can atan Frans müstəqil surətdə – dərslikləri oxumaqla gəmidə motorçu, mexanik və elektrotexnik peşələrinin sirlərinə yiyələnir. İti zehnli, möhkəm hafizəli və ünsiyyətcil Frans rus və polyak dillərindən başqa, daha iki dildə – alman və ingilis dillərində sərbəst danışmağı öyrənir. Yeniyetmə cağında tacirlər yanında podratçı işləyən Frans 18 yaşında dənizçi olur – gəmi mexaniki kimi Qara Dəniz Donanmasının hərbi və nəqliyyat gəmilərində çalışır.

1905-ci ilin inqilabi hadisələri gənc F.Boquşdan yan keçmir. O,  fəal surətdə gizli ədəbiyyat, günün siyasi məsələlərinə həsr olunmuş vərəqələri və proklamasiyaları dənizçilər arasında yaymaqla məşğul olur, nümayiş və toqquşmalarda iştirak edir və hətta bir neçə dəfə bu fəaliyyəti ilə bağlı həbs də olunur. Fransın cəsarəti və soyuqqanlığı dənizçilər arasında ona böyük nüfuz qazandırır.    

Oktyabr inqilabının (SSRİ dövründə rəsmi adı – Böyük Oktyabr sosialist inqilabı) baş tutması haqqında xəbəri F.Boquş Sevastopolda, mexanik işlədiyi hərbiləşdirilmiş “General Ruzski“ gəmisində eşidir. Frans 1918-ci ilin martında “Posadnik“ gəmisində Odessaya qayıdır və apreldə  bolşeviklər partiyasının sıralarına qoşulur.

Odessa partiya təşkilatı həmin dövrdə gizli fəaliyyət göstərir. Belə bir vaxtda Quberniya partiya komitəsi Fransın qeyri-leqal vəziyyətdə olmasına baxmayaraq, ona dəniz nəqliyyatı işçiləri arasında təbliğat aparmaq kimi xüsusi tapşırıq verir.  

Gənc Frans, yəqin, bu və digər partiya tapşırıqlarının öhdəsindən layiqincə gəlir. Çünki 1919-cu ildə Odessanın dəniz rayonunda fəaliyyət göstərən partiya təşkilatının üç nəfərlik rəhbərliyində F.Boquş da yer alır.

Məlumdur ki, Ümumrusiya əksinqilabi qüvvələrinin başçılarından biri – “Rusiyanın cənubundakı silahlı qüvvələr”in baş komandanı, general-leytenant Anton Denikin “Kaqul“ kreyseri ilə Odessaya gələrkən kreyserin partladılması üçün F.Boquş təfərrüatlı plan işləyib hazırlayır. Lakin planı icra etmək mümkün olmur – Frans və köməkçiləri qəfil həbs edilirlər.

1919-cu ilin oktyabrında ağqvardiyaçıların məhkəməsi Frans Boquş haqqında ölüm hökmü çıxarır. Bununla belə, gizli partiya komitəsinin əməli tədbirləri nəticəsində edam baş tutmur.

1920-ci il 7 fevralda Odessada sovet hakimiyyəti bərpa edilir.  Siyasi məhbuslar, o cümlədən Frans Boquş da həbsdən azad olunur. Təşəbbüskar, enerjili gənc dərhal siyasi işə qoşulur və fəallığı ilə seçilir. O, Odessa Su Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqının rayon komitəsinə sədr seçilir və təcrübəli təsərrüfatçı kimi gəmiçiliyin bərpasında iştirak edir: gəmilərin təhlükəsiz limana giriş-çıxışını təmin etmək məqsədi ilə batmış gəmilərin sudan çıxarılmasını, zədələnmiş gəmilərin təmirini təşkil edir. Onun  bilavasitə səyi ilə Krım – Qafqaz xətti işə düşür.

Bu dövrdə Frans Boquş Quberniya partiya komitəsi bürosunun, habelə Əksinqilabçılar və Sabotajlarla Mübarizə üzrə Quberniya Fövqəladə Komissiyası Kollegiyasının üzvü olur.

          1920-ci ilin sonunda yanacaq çatışmazlığından Odessada vəziyyət ağırlaşır: nəqliyyat, zavod və fabriklər işləmir, binalar istiliklə təchiz olunmur. Yaranmış mürəkkəb vəziyyət istedadlı təşkilatçı tələb edir. Quberniya partiya komitəsi F.Boquşun namizədliyi üzərində dayanır və onu Quberniya meşə komitəsinin sədri təyin edir. F.Boquş da növbəti dəfə etimadı doğruldur – odun və kömür dolu eşalonlar Odessaya yola düşür.  

          1921-ci ilin avqustunda V.Leninin imzası ilə Xalq Komissarları Soveti ölkədə Yol Dairələrinin yaradılması haqqında sərəncam verir.

Xalq Yollar Komissarı F.Dzerjinski Qara Dəniz–Azov Dairəsi Dəniz Yolları İdarəsinə Frans Boquşu rəis təyin edir. 1922-ci ilin iyununda F.Boquş təsərrüfatı qəbul edir və özünəməxsus işgüzarlıqla Gəmiçiliyi inkişaf etdirməyə başlayır. Gəmiçiliyi dirçəltməklə bərabər, həmin dövrdə Odessada yaşanan aclıqla əlaqədar olaraq su nəqliyyatı işçilərinin uşaqları üçün yetimxanalar, dənizçilərin ailələri üçün yeməkxanalar təşkil edir. 1922–1923-cü illərdə İtaliya və Yunanıstana səfərlər edən F.Boquş bu ölkələrə qaçırılmış Rusiya Gəmiçilik və Ticarət Cəmiyyətinə (РОПиТ) məxsus bir neçə gəmini qaytarmağa da müvəffəq olur.

 1924-cü ildə F.Boquş işləmək üçün Moskvaya dəvət edilir. O, Xalq Yolları Komissarlığının Mərkəzi İdarəsinin rəis müavini və bu idarədə Dəniz nəqliyyatı şöbəsinin rəisi vəzifəsində çalışır.   

İki il sonra Xalq Yollar Komissarlığının 1926-cı il 20 oktyabr tarıxli əmri ilə F.Boquş “Xəzər Gəmiçiliyi”nin Müvəqqəti İdarə Heyətinə sədr  təyin edilir. Dəniz nəqliyyatı kimi spesifik xüsusiyyətlərə malik bir sahənin təşkilatçılığında böyük nüfuz qazanmış F.Boquşun bu vəzifəyə təyin edilmə səbəbləri, əlbəttə ki, maraqlıdır.

O dövrün mətbuatına nəzər salaq. 1922-ci il 15 may tarixli “Bakinskiy raboçiy” qəzetində “Su nəqliyyatı haqqında bir neçə söz” məqaləsi yer almışdır. Buradakı faktlar dəniz nəqliyyatının real vəziyyəti barədə əyani təsəvvür yaradır: Xəzər ticarət donanması hədsiz texniki istismara məruz qaldığından yarıtmaz hala düşmüşdür. 1915–1916-cı illərdə donanma ümumilikdə 300 milyon puda qədər maye yanacaq və bir o qədər də quru yük daşıdığı halda, indi – bütün imkanların səfərbərliyə alındığı bir vaxtda həmin yük dövriyyəsinin heç 50 faizini də daşımaq iqtidarında deyil...

          Bu o deməkdir ki, Sovet hakimiyyəti Gəmiçiliyin inkişafı ilə bağlı çoxsaylı qərarlar verməsinə və mövcud imkanların hamısından istifadə etməsinə baxmayaraq, yükdaşımalar həcmini ən azından yeddi il əvvəlki səviyyəyə çatdıra bilmir. Neftə təlabatın durmadan artdığı bir vaxtda isə Moskva belə vəziyyətin yolverilməz olduğunu bildirərək, problemin çözülməsi üçün yollar axtarır. Xəzər Dairəsi Dəniz Yolları İdarəsinin rəisi Dmitri Poluyan və “Azneft” Dövlət Birliyinin İdarə Heyətinin sədri Aleksandr Serebrovski təcili Moskvaya yola düşürlər.  

 

Sevda ABDULLAYEVA,

 

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır