Dənizin dibində tədqiqatların aparılması üçün ekspedisiya gəmisi sualtı qayıqlarla təchiz olunub
“Seanews.az” “Portnews”-a istinadən xəbər verir ki, Norveçin “REV Ocean” ekspedisiya yaxtasını təchiz etmək üçün “Triton Submarins” şirkəti tərəfindən inşa edilən “Aurelia” sualtı qayığı Barselonada suya buraxılıb.
Mərasim Norveç sifarişçi şirkətinin icraçı direktoru Nina Yensenin iştirakı ilə keçirilib və o, bildirib ki, bu özühərəkətedən aparat alimlərə 2300 metr dərinlikdə dənizin dibini müşahidə etməyə imkan verəcək.
Arktika tədqiqatçısı “REV Ocean” gəmisinin gövdəsi 2019-cu ildə Rumıniyanın Tulcea tərsanəsində inşa edilib, bundan sonra gəmi tamamlanmaq üçün Norveçin “Vard Brattvaq” tərsanəsinə verilib. Lakin pandemiya səbəbindən ən böyük ekspedisiya gəmisinin (uzunluğu 182,9 m, eni 23,28 m, ümumi tutumu 17 440 ton) inşası planları dəyişdirilib və ilk səfər 2021-ci ildən 2024-cü ilə təxirə salınıb.
“REV Ocean” iki rejimdə işləmək üçün təchiz oluna bilər: ekspedisiya (30 heyət üzvü, 24 alim, 36 qonaq) və ya kruiz (54 heyət üzvü, 36 qonaq). Layihənin arxasında 2017-ci ildə dünya okeanlarının səthini və onun dərinliklərini, o cümlədən Arktika regionlarını tədqiq edə bilən innovativ gəmiyə 500 milyon dollar sərmayə qoymağa qərar verən norveçli milyarder Kjell Inge Rokke dayanır. Təqdimat zamanı vurğulanıb ki, gəmi sutka ərzində sudan 5 tona qədər zibil toplayıb xüsusi qurğuda yandırmaq gücündədir. Dünya okeanlarının mühafizəsi yaxşılaşdırmaq üçün bu proqram Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri ilə birgə hazırlanmışdır.
Sualtı tədqiqatların aparılması üçün gəmi sualtı qayıqlarla təchiz olunub və onların yerləşdirilməsi üçün xüsusi hovuz nəzərdə tutulub. Bundan əvvəl, 2021-ci ilin oktyabrında “REV Ocean” sifarişçidən 3800 metr dərinliyə enə bilən “Aurora” sualtı qayığını almışdı. 2022-ci ilin may ayında təqdim edilən “Aurelia”gəmisi Balear adalarında dəniz sınaqlarına göndərilib.