Çində gəmilərin təmiri yubanır
“Seanews.az” xəbər verir ki, işçi qüvvəsi çatışmazlığı və ehtiyat hissələrin tədarükü ilə bağlı problemlərə görə, Çinin zavodlarında gəmilərin təmiri yubanır. Çoxlu sayda gəmi planlaşdırılandan daha artıq müddətə təmir olunur.
Bu baxımdan, bir çox gəmi sahibləri təmir və ya modernləşdirmə üçün Çin tərsanələrindən yan keçməyə və diqqətini digər ölkələrə yönəltməyə çalışırlar. “Avropa, Aralıq dənizi ölkələri və Qara dəniz bölgəsindəki gəmiqayırma zavodları da üçüncü rübün sonuna qədər tam yüklənib. Bununla belə, Çindəki vəziyyətdən istifadə edərək, Asiya və Yaxın Şərqdəki gəmiqayırma zavodları öz fəaliyyətlərini genişləndirirlər”, - “Splash” qəzeti gəmi brokeri “Intermodal”-a istinadən yazır.
Gəmi sahiblərinin üzləşdiyi digər problem isə poladın qiymətlərinin artması səbəbindən təmir xərclərinin kəskin artmasıdır. "Bunun fonunda köhnə qiymətlərlə təmir və ya modernləşdirmə üçün artıq razılaşdırılmış bəzi müqavilələr etibarsız olub", - “Intermodal” qeyd edir.