Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Səyyahlar Azərbaycan haqqında

Keçmişdən Azərbaycanın zəngin təbii sərvətlər diyarı olması barədə tarixçilər, salnaməçilər və səyyahlar maraqlı məlumatlar verirlər. Ölkəmizin qədim və orta əsrlər dövrünə aid zəngin təbiəti Azərbaycana səfər edən səyyahların və salnaməçilərin diqqətini özünə cəlb edib. Orta əsrlərdə Azərbaycanda olmuş müxtəlif ölkə səyyahları öz qeydlərində burada təbii sərvətlərdən istifadəyə və təbii ətraf mühitin real vəziyyətinə də toxunublar. 

İtalyan səyyahı Marko Polo (XII əsr) Xəzər dənizində çoxlu balıq olduğunu qeyd edir: “Bu dənizdə, çayların ağzında çoxlu balıq olur. Nərə balığı, qızıl balıq və başqa böyük balıqlar çoxdur”.

Görkəmli türk səyyahı Evliya Çələbinin (1646-1666) Azərbaycanda keçirdiyi günlərini “Səyahətnamə” adlı kitabında qeydə almışdır. Kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər öz yerini tutur. Evliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarından - Urmiyədən başlamış Naxçıvan, İrəvanı keçməklə, Təbrizə, Bakıya uzanır.

X-X əsr ərəb səyyahları İstəxri və İbn Haqvəl Azərbaycanın ixracatında mühüm əhəmiyyətə malik nadir “qırmız” adlı boyaq məhsulu haqqında maraqlı məlumatlar var. Səyyahlara görə, bu qəribə həşərat təbii boyaq alınmasında yaxşı xammaldır. Həmin həşərat növləri Kürün dənizə töküldüyü yerin qarşısındakı və Xəzər dənizində yerləşmiş adalarda çox olur. Onlar Bərdə ərazisində də qeyd edilib.

XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelm Kür çayında “əla qızıl balıqlar olduğunu” bildirir.

XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünas və astronomu Əbdürrəşid Bakuvi Azərbaycanın təbii şəraitindən, onun son dərəcə zəngin maddi nemətlərindən bəhs edərək çoxlu məlumatlar verib. Məsələn, Güney Azərbaycanda müalicəvi əhəmiyyətli isti və soyuq mineral suların, əkinə yararlı torpaqların və bol su sərvətinin, faydalı qazıntılardan mis, dəmir, malxit, göydaş, lazurit və s. olduğunu qeyd edir.  O, eyni zamanda Quzey Azərbaycanın təbiətindən bəhs edərək, öz doğma şəhəri Bakı və Abşeron haqqında çoxlu məlumatlar verib. Bakıda güclü küləklərin əsməsindən danışan müəllif qeyd edir ki: “Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır.”

Bakı ətrafı təbii sərvətlərə toxunan Ə. Bakuvi yazır: “Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər”. Azərbaycanın faydalı qazıntı yataqlarının bol olduğunu digər qaynaqlar da təsdiq edir.

Ə. Bakuvi indi yalnız qoruq ərazisində saxlanan ceyranların bu adada böyük sürülərini xüsusi qeyd edir: “Orada çoxlu ceyran var, bu qədər ceyran heç yerdə yoxdur”. O, Azərbaycanın ayrı-ayrı bölgələrinin təbiətinə də diqqət yetirib. 
Muğan düzünün təbii otlaqlarının, çəmənliyin çoxluğu da Bakuvi tərəfindən diqqətdən yayınmayıb. Naxçıvanın təmiz havası, şəfalı suyu barədə məlumat verən səyyah burada sıx meşə örtüyündən danışır. 
Məşhur Rus səyyahı və tacir Afanasi Nikitin (XV əsr) "Üç dəniz arxasına səyahət" adlı kitabında da Bakıdan bəhs edib. O yazır ki, "Dərbəndə getdim, Dərbənddən Baka, o yerə ki orada heç vaxt alov sönmür". Nikitin həmçinin Şirvan hökmdarı Fərrux Yaşar və Ağ Qoyunlu hökmdarı Uzun Həsən ilə görüşünü də qeyd etmişdir.

XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı maraqlı müşahidələrinin birindən qeyd edir: “Biz, bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər (azərbaycanlılar) onu “ceyran”, farslar isə “ahu” adlandırırlar. Bu heyvanlar görünüşcə demək olar ki, maral kimidirlər. Lakin, rəngləri qırmızıdır və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya  yatıqdır. Çox bərk qaçırlar. Deyirlər ki, ceyranlar ancaq Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə olur”.

Bir çox səyahətçinin qeydlərində - E. Kempfer (XVII əsr), S. Qmelin (XVIII əsr), P. I Lerx (XIX əsr) - Şirvanşahlar saray kompleksi qeyd olunur. Avropalı səyyahlar E. Kempfer, P.Vilot və başqaları atəşpərəstlərin Suraxanıda yerləşən Atəşgah məbədindən də bəhs ediblər.
XV əsrdən başlayaraq Bakı intensiv inkişaf etməyə başladı və ən əhəmiyyətli Xəzəryanı şəhərlərdən birinə çevrildi. Qərbi Avropa səyyahları -  Venesiya Ticarət evinin nümayəndələri Ambrozio Kontarini, İosafat Barbaro, Katerino Dzeno, həmçinin İspan diplomatı və səyahı Rüyi Gonzalez de Klavixo – Bakıda olmuşlar və Bakı, Xəzər dənizi haqqında qeyd kitablarında yazmışlar.

Azərbaycan qiymətli balıq sərvəti ilə keçmişdən dünyada tanınıb. Hələ X əsrdə coğrafiyaşünas-səyyah İbn-Haqvəl yazırdı ki, Kür və Araz çaylarının hər ikisinin suyu içməli və yüngüldür.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır