Pakistan Hərbi Dəniz Qüvvələri yanan Çin gəmisinin heyətini xilas edib
Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus "PNS Hunain" gəmisi ölkə sahillərindən təxminən 200 dəniz mili məsafədə qəzaya uğrayan yük gəmisinin yardım çağırışına cavab verib. Çin şirkətinə məxsus olan və 2001-ci ildə inşa edilən 190 metrlik "Gold Autumn" (46,500 DWT) adlı quru yük gəmisi Omman istiqamətində hərəkət edərkən göyərtəsində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, Pakistanın Dəniz Axtarış-Xilasetmə və Koordinasiya Mərkəzi siqnalı qəbul etdikdən sonra əməliyyatı koordinasiya edib. Hadisə yerinə çatan "PNS Hunain" gəmisi yanğının söndürülməsinə kömək edib, ardınca gəmidə zərər qiymətləndirilməsi aparıb və heyətə tibbi yardım göstərib.
Gəmidə olan Çin, Banqladeş, Myanma, Vyetnam və İndoneziya vətəndaşlarından ibarət 18 nəfərlik heyət üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Onlar Pakistanın Kəraçi şəhərinə çatdırılıblar.
Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil. Lakin yayılan görüntülərdə gəminin kapitan körpüsünün, üst göyərtələrinin və yük anbarlarının qapaqları ətrafındakı sahələrin tamamilə yandığı görünür.





