Sinqapurda konteyner gəmisindəki yanğın söndürülüb
Aprelin 11-də Sinqapurun “PSA Pasir Panjang” terminalında London qeydiyyatında olan “Ever Lenient” konteyner gəmisində baş verən yanğın söndürülüb.
“Seanews.az” xəbər verir ki, Böyük Britaniya bayrağı altında üzən 9,466 TEU tutumlu gəmidə yanğın aprelin 10-da yerli vaxtla saat 15:00 radələrində qeydə alınıb.
Sinqapur Mülki Müdafiə Qüvvələrinin rəhbərliyi ilə yanğınsöndürmə işləri gecə boyu davam etdirilib. Sinqapur Dəniz və Liman İdarəsi dənizdən mühafizə kordonu yaratmaq üçün patrul katerlərini, yanğınsöndürmə əməliyyatlarına dəstək məqsədilə isə havadan müşahidə aparan dronları cəlb edib. Gəmi heyətinin hər bir üzvünün tapıldığı, hər hansı xəsarət alanın olmadığı və neft çirklənməsinin baş vermədiyi bildirilib.
“PSA Singapore” sonrakı əməliyyatların bir hissəsi kimi zərər görmüş konteynerlərin təhlükəsiz şəkildə boşaldılmasına köməklik göstərir. Hakimiyyət orqanları yanğının səbəbinin araşdırıldığını qeyd edib. Vurğulanıb ki, son vaxtlar tərkibində litium-ion batareyaları olan yüklərin səbəb olduğu insidentlərin sayının artması ilə əlaqədar konteyner gəmilərindəki yanğınlar diqqət mərkəzindədir.

