Azərbaycan Dövlət Dəniz Akademiyasında Novruz şənliyi keçirilib
Novruz və Ramazan bayramları xalqımızın zəngin milli-mənəvi irsini yaşatmaqla, həmrəylik, paylaşma və qarşılıqlı hörmət kimi dəyərləri gücləndirir. Azərbaycan Dövlət Dəniz Akademiyasınının (ADDA) rektoru vəzifəsini icra edən Eldar Qocayev bayram tədbirində çıxışı zamanı belə deyib.
Eldar Qocayev ADDA-nın tarixində ilk dəfə hazırlanmış himni də təqdim edib. Bildirilib ki, sözləri uzun müddət “Dəniz” qəzetinin baş redaktoru işləmiş Rasif İmanoğluya, musiqisi Dəniz naviqasiyası kafedrasının baş müəllimi Aydın Qafarova məxsus olan himn bu il fevralın 13-də Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçib.
Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri Novruz bayramına həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
İfaları maraqla qarşılanan müəllim və şagirdlərə təşəkkürnamələr təqdim olunub.
Bayram mərasimi akademiyanın həyətində tonqal ətrafında davam edib. İştirakçılar musiqi sədaları altında rəqs edərək Novruzun sevincini bölüşüblər.










