İtaliya və Malta yanmış Rusiya gəmisi səbəbindən həyəcandadır
Rusiya bayrağı altında üzən "Arctic Metagaz" qaz daşıyıcısında baş vermiş partlayışdan sonra gəminin qalıqları İtaliya və Malta sahilləri arasında nəzarətsiz şəkildə dreyf edir. Hər iki ölkə gəminin sahillərə yaxınlaşma ehtimalına qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Seanews.az” xəbər verir ki, hadisə 4 martda Liviyanın dəniz zonasında baş verib. Heyət xilas edilərək Tripoliyə aparılsa da, gəmi külək və axınların təsiri ilə şimala – Avropa sahillərinə doğru sürüklənib.
277 metr uzunluğundakı gəmi ciddi zədələnib; gövdəsinin bir hissəsi yoxdur, yaşayış bölməsi və körpü tamamilə yanıb. Buna baxmayaraq, gəminin ikiqat gövdə quruluşu onun hələ də su üzündə qalmasına imkan verir.
Gəminin zədə görməmiş çənlərində hələ də 60.000 ton mayeləşdirilmiş təbii qaz (LNG), həmçinin 900 ton ağır yanacaq və dizel var.
İtaliya Baş naziri Ciorcia Meloninin iştirakı ilə xüsusi iclas keçirilib və vəziyyət İtaliya Hərbi Dəniz Qüvvələri tərəfindən yaxından izlənilir. Gəmi gah Malta sahillərinə (20 mil), gah da İtaliyanın Linosa adasına (25-30 mil) yaxınlaşır. Son məlumatlara görə, gəmi yenidən Maltadan 60 mil uzaqlıqdakı açıq dənizə doğru istiqamətlənib.


