Gəmi təsnifat cəmiyyətindən tankerlər üçün külək enerjisi texnologiyasına "yaşıl işıq"
“Bureau Veritas” (BV) beynəlxalq təsnifat cəmiyyəti, "BAR Technologies" tərəfindən tankerlərə quraşdırılmış “WindWings” (külək qanadları) sisteminin effektiv güc hesablamalarını rəsmən təsdiqləyib.
“Seanews.az” xəbər verir ki, bu qərar külək enerjisinin tanker sektorunda tətbiqi üçün mühüm hüquqi və texniki addım hesab olunur.
BV-nin rəyi təsdiq edir ki, "WindWings"in güc hesablamaları Beynəlxalq Dəniz Təşkilatının (IMO) innovativ enerji səmərəliliyi texnologiyaları üzrə təlimatlarına tam uyğundur.
Bu təsdiq gəmi sahiblərinə imkan verir ki, genişmiqyaslı sınaqlara ehtiyac duymadan külək qanadlarının gəminin hərəkətinə verdiyi töhfəni dəqiq ölçə bilsinlər.
Hazırda bu sistem "Union Maritime" şirkətinin gəmilərində uğurla istifadə olunur. Artıq Çinin XSI gəmiqayırma zavodunda bu texnologiya ilə təchiz olunacaq yeni 113,600 DWT-lik tankerlərin inşasına başlanılıb.

