Cənubi Afrika sahillərində yedək gəmisi batıb
Cənubi Afrikanın cənub sahillərində yedək gəmisinin batması nəticəsində bir nəfərin öldüyü ehtimal edilir, beş ekipaj üzvü isə itkin düşüb.
“Seanews.az” xəbər verir ki, "LEO" yedək gəmisi şənbə günü GMT vaxtı ilə saat 17:02-də fəlakət siqnalı (distress message) göndərib. Bunu Cənubi Afrika Axtarış və Xilasetmə (SASAR) idarəsi bəyan edib. Bildirilib ki, gəmi heyəti daxilə nəzarət olunmayan su axını barədə məlumat verərək təcili kömək istəyib. Gəmi bazar günü səhər saatlarında, Cənubi Afrikanın Qərbi Keyp əyalətindəki Mossel körfəzindən təxminən 80 dəniz mili cənubda batıb.
"İndiyədək göyərtədəki 18 ekipaj üzvündən 13-ü müəyyən edilib; onlardan 12-si sağ xilas olunub, bir nəfərin isə həlak olduğu ehtimal edilir", - deyə SASAR qeyd edib. Qurum əlavə edib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, itkin düşən beş ekipaj üzvlərinin axtarışı davam etdirilir.


